Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir

Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI qurultayı işə başlayıb.
Qurultaydan əvvəl Fəxri xiyaban ziyarət edilərək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla anılıb, məzarları önünə əklil və gül dəstələri qoyulub.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.
Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb.
Qurultay Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının uşaq xorunun ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və ötən qurultaydan keçən müddət ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərindən bəhs edən və “Heydər Əliyev milli təhsil strategiyasının banisidir” adlı videoçarxlar nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev hesabat məruzəsi ilə çıxış edib. Nazir son illərdə təhsil sahəsində həyata keçirilən islahat və layihələrdən danışıb. Azərbaycan təhsilinin inkişaf strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin bu sahədəki uğurlu siyasətini vurğulayan nazir Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısını xüsusilə qeyd edib.
Nazir çıxışında “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturu, fəaliyyətə başlayan tədris müəssisələri, eləcə də planlaşdırılan digər layihələrdən danışıb.
Emin Əmrullayev pandemiya dövründə təhsil, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsildə səriştə əsaslı məzmunun tətbiqi, STEAM sinif və mərkəzlərinin yaradılması, həmçinin şagirdlərin beynəlxalq fənn olimpiadalarında uğurlarından danışıb. Nazir inkişaf etmiş ölkələrin təcrübəsindən nümunələr gətirərək müəllimlərin əməkhaqqına dair yeni yanaşmaları vurğulayıb və aylıq vəzifə maaşlarının artan dinamikasını təqdim edib.
Təhsil tələbə kreditlərinin tələbələr üçün ali təhsilə əlçatanlığın təmin edilməsindəki rolundan danışan Emin Əmrullayev 2022–2023-cü tədris ili üzrə 20 min, 2023–2024-cü tədris ili üzrə isə 26 min nəfərin təhsil tələbə kreditindən faydalandığını vurğulayıb.
Azərbaycan müəllimlərinin XVI qurultayının “Heydər Əliyev İli”nə təsadüf etdiyini xatırladan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu baxımdan tədbirin əlamətdar olduğunu vurğulayıb. Bugünkü tədbiri Azərbaycan müəllimlərinin zəfər qurultayı kimi dəyərləndirən Bəxtiyar Əliyev təhsil sahəsində aparılan sistemli islahatların əhəmiyyətindən də danışıb. Son 20 ildə təhsil sahəsinə ayrılan xərclərin artdığını diqqətə çatdıran komitə sədri təhsil sahəsində qanunvericilik bazasının möhkəmləndiyini qeyd edib.
Qurultayda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, son 5 ilin ən mötəbər hadisəsi Azərbaycanın suverenliyinin tam bərpa olunmasıdır. Bu gün qurultayda işğaldan azad edilmiş ərazilərimizdə çalışan müəllimlərin də iştirak etdiyini xatırladan İsa Həbibbəyli bunu digər qurultaylardan əsas fərq kimi vurğulayıb.
Akademik yeni bilik və bacarıqlara malik nəsillərin yetişdirilməsinin müstəqil Azərbaycan elminin ən böyük nailiyyətləri olduğunu bildirib.
Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2023-cü ildə həyata keçirilən imtahanların statistikasını diqqətə çatdırıb. O bildirib ki, təhsil sistemində həyata keçirilən bütün islahatların nəticəsi müəllimlərin bilik və bacarığı, səriştə və şəxsiyyətindən asılıdır.
Məleykə Abbaszadə çıxışının sonunda təlim metodlarının təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin önəmini diqqətə çatdırıb.
ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında sürətlə dəyişən dünyada tədris proqramlarının daim yenilənməli və təhsildə yeni interaktiv metodların istifadəsinin genişləndirilməli olduğunu qeyd edib. Hafiz Paşayev bildirib ki, gənclərə təhsil istiqaməti və təhsil ocağı üçün çoxlu seçimlər yaradılmalıdır. Həqiqət budur ki, öyrənmə məsuliyyətinin əsas payı təhsilalanların üzərinə düşür və müəllim onlara bu məsuliyyətin dərk olunmasında kömək edə bilər.
Qurultayda çıxış edən Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, Bərdə şəhəri 7 nömrəli tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Əsədov təhsilə və müəllimlərə göstərilən dövlət qayğısından, ölkəmizdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb, müəllimlərin sertifikatlaşdırılması və diferensial əməkhaqqı sisteminin tətbiqinin onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirdiyini, eləcə də Azərbaycan müəllimlərinin üzərinə düşən missiyanı hər zaman şərəflə yerinə yetirdiklərini vurğulayıblar.
Plenar iclasdan sonra qurultay öz işini “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyalarla davam etdirib.
Qurultay işini dekabrın 16-da yekunlaşdıracaq.

Tehsil-press.az



Oxşar xəbərlər