Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib Təhsil naziri Emin Əmrullayevin dəvəti ilə Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib.
Təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. E.Əmrullayev qonaqları ölkəmizdə qarşılamaqdan məmnunluğunu və bu görüşün iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm addım olduğunu bildirib.
Türkiyənin milli təhsil naziri Ziya Selçuk dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib.
Görüşdə təhsil sahəsinə dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər