BP və tərəfdaşları Azərbaycana təqribən 60 milyard dollar investisiya qoyub

BP və tərəfdaşları Azərbaycana təqribən 60 milyard dollar investisiya qoyub "İyirmi ildən çox müddət öncə burada fəaliyyətimizə başlayandan bəri biz özümüz və tərəfdaşlarımız 58 milyard dollardan çox sərmayə yatırmışıq". Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O, qeyd edib: "Biz neft və qaz sənayesini tam dəstəkləyirik. Söhbətimizin davamında mən bir giriş qeydini və dörd məqamı diqqətinizə çatdırmaq istəyirəm. Mənim giriş qeydim odur ki, Xəzər dənizində çoxlu neft və qaz resursları var. Biz inanırıq ki, sadəcə texnologiyalara sərmayə yatırmaq tələb olunur və lazım olacaq kapitalı formalaşdırmaq üçün davamlı müsbət mühit var. İyirmi ildən çox müddət öncə burada fəaliyyətimizə başlayandan bəri biz özümüz və tərəfdaşlarımız 58 milyard dollardan çox sərmayə yatırmışıq. Onun 16 milyard dolları yerli şirkətlərə yatırılıb və uğurlu olub. Bu, əsasən hasilatın pay bölgüsü razılaşmasının yaratdığı müsbət mühit sayəsində mümkün olub".
Vurğulamaq istədiyi bir neçə məqamın olduğunu qeyd edən Q.Birrel əlavə edib ki, yəqin onlar tətbiq olunacaq islahatlara daxil edilə və digər sahələr, neft-qaz sahəsi üçün əlverişli biznes mühiti yarada bilər, çünki hər zaman görüləcək daha çox iş var: "Vurğulamaq istədiyim ilk məqam sabitliklə bağlıdır. Uzunmüddətli sabitlik investorlar üçün olduqca vacibdir - hüquq və gömrük sistemlərində, məşğulluq qaydalarında, işçi vizalarında, iş icazələrində sabitlik və gələcək gəlirləri proqnozlaşdırmağımız üçün sabitlik. Əlbəttə, neftin və qazın qiymətləri və ya qiymətlər kimi digər amillərin üzərində nəzarətimiz yoxdur, lakin davamlılıq və proqnozlaşdırmaq bizim üçün əsasdır".
Onun sözlərinə görə, əlbəttə ki, hər ölkə inkişaf etdikcə dəyişikliklər tələb olunur: "Bu dəyişikliklərlə bağlı əvvəlcədən məlumat verilə və onlar biznes ictimaiyyəti ilə müzakirə edilə bilər. Bir daha vurğulayıram ki, qaydaların şəffaflığı əsasdır. Biz böyük investisiyalara qərar verərkən yenidən nəticələri proqnozlaşdıra bilməliyik. Vurğulamaq istədiyim üçüncü məsələ hökumətdəki mədəniyyətdir - mən və həmkarlarım nazirliklərdə bir çox görüşlər keçirmişik. İndiyə qədər gördüyümüz əməkdaşlıq və həllyönümlü mədəniyyət, bu davranış tərzi bizim etimadımızı artırır. Əlbəttə, nazirliklər dövlət maraqlarını qorumalıdırlar. Dövlət və özəl sektor problemləri həll etmək üçün birgə işləyə bilər, biznesdə hər zaman problemlər olur. Həllyönümlü mədəniyyət olmalıdır və bu, Azərbaycanda mövcuddur. Vurğulamaq istədiyim dördüncü məqam kadr hazırlığı və potensialın artırılması məsələsidir. Bilirəm və inanıram ki, Azərbaycanda bu var. Hazırda işçilərimizin 87 faizi azərbaycanlıdır və buna yüksək vəzifəlilər də daxildir. Dövlət və müxtəlif şirkətlər vasitəsilə xaricdə təhsil almış bir çox əməkdaşımız var. Biz onları geri gətirib yüksək vəzifələrə yerləşdirməyə nail olmuşuq. Məncə hökumət də bunu etməlidir. Londona, Hyustona getdikdə onların çoxunu görürəm. Onlar dünya səviyyəli təhsil ocaqlarında oxumuş beynəlxalq səviyyəli mütəxəssislərdir və bu ölkənin çağırışlarının öhdəsindən gələ bilərlər".
Q.Birrel diqqətə çatdırıb ki, digər bir məsələ peşə hazırlığıdır: "Biz SOCAR ilə birlikdə bir çox peşə hazırlığı kursları keçiririk. Bunu sadəcə layihə əsaslı deyil, davamlı etməliyik, çünki layihələr dəyişir. Bu əməkdaşların davamlı ixtisas hazırlığı olmalıdır ki, sənaye də bu kadrlardan istifadə etsin. Bizim də, hökumətin də bu işdə rolu olmalıdır. Son olaraq deyim ki, buradakı universitetlər çox yaxşıdır. Tez-tez onlara baş çəkirəm. Düşünürəm ki, son 5-10 ildə universitetlərdə imkanların gücləndirilməsi yaxşı nəticələr verib, elm, texnologiya, mühəndislik, riyaziyyat sahələrində yüksək səviyyəli kadrlar yetişib. Eyni diqqət gələcəyin işçilərini yetişdirmək üçün iqtisadiyyat sahəsinə də yetirilə bilər. Ölkədə məhsuldarlığı artırmaq üçün bu, çox vacibdir".
Sonda o, əmin olduğunu bildirib ki, bu, ilk və son görüş olmayacaq: "Bu cür görüşlərin davam etməsini diləyirəm. Ölkənin inkişafı haqqında planlarınızı bilmək çox faydalı olar".

tehsil-press.az

Oxşar xəbərlər