Çində yaz bayramı günlərində 474 milyon səyahət qeydə alınıb

Çində yaz bayramı günlərində 474 milyon səyahət qeydə alınıb Çində şərq xalqlarının Ay təqvimi ilə yeni ilin başlanması münasibətilə 8 günlük bayram tətilində ölkə daxilində bütün növ nəqliyyat vasitələri ilə 474 milyon sərnişin səyahəti qeydə alınıb.
Səyahətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz artıb. Bu dövrdə dəmir yolu nəqliyyatı ilə təxminən 100 milyon, hava nəqliyyatı ilə 18 milyon sərnişin daşınıb. Səyahətlərin qalan hissəsi fərdi və ya kommersiya avtomobilləri ilə reallaşıb.
Çində həm də yaz festivalı adlanan bu dövrdə xaricə gedib-gələnlərin sayı keçən illə müqayisədə 2,8 dəfə artaraq 13,52 milyon nəfər təşkil edib. Bu, pandemiyadan əvvəlki dövrün təxminən 90 faizi deməkdir. Pandemiyadan sonra Çində daxili turizm sektoru tam bərpa olunsa da, xaricə gediş-gəliş hələ də 2019-cu ildəki səviyyəyə çatmayıb.
Fevralın 10-dan 18-dək olan rəsmi bayram tətilində əhalinin turizm məqsədli xərcləri əvvəlki illə müqayisədə 47,3 faiz çoxalaraq 632,6 milyard yuana (təxminən 88 milyard ABŞ dolları), onlayn pərakəndə satış isə 9 faiz artaraq 800 milyard yuana (111,2 milyard dollar) çatıb.
Pekin Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetinin professoru Liu Çunçen hesab edir ki, Çində əhalinin ilin ən əsas festivalı olan yaz bayramında müxtəlif məqsədlərlə xərclədiyi vəsaitin belə çox olması ölkədə güclü daxili istehlak bazarının formalaşdığını göstərir. O, sabit və dayanıqlı istehlak bazarının Çinin iqtisadi inkişafının sürətinə və keyfiyyətinə birbaşa təsir etdiyini bildirib.
Qeyd edək ki, Çində bu il yaz festivalı rəsmi olaraq 10-17 fevral tarixləri olsa da, bayram səyahətləri yeni ilin başlamasından 15 gün əvvəl (26 yanvar) start götürür və 15 gün sonra (24 fevral) bitir. Bu dövrdə çinlilər doğmalarını, yaxınlarını, dostlarını görmək, habelə bayram tətilindən yararlanaraq turizm məqsədilə səfərlər edirlər. Proqnozlara görə, bu dövrdə Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9 milyard səyahət reallaşacaq.

Tehsil-press.az



Oxşar xəbərlər