Polimer Materialları İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib

Polimer Materialları İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib 27 fevral 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib. İclasda Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov, institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov və institut əməkdaşları iştirak ediblər. İnstitutun baş mühəndisi kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov iclasın sədri seçilib. O, yığıncağı açaraq iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib.

Sonra institutun İlk Həmkarlar Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədovanın 5 illik fəaliyyəti ilə bağlı hesabat çıxışı dinlənilib. Sədrin çıxışı və 2018-2023-cü illəri əhatə edən fəaliyyəti əməkdaşlar tərəfindən yüksək qiymətləndirilib. İclasda müzakirələr aparılıb, təklif və iradlar dinlənilib. Nəzarət-Təftiş Komissiyasının sədri İntizar Əhmədova illər üzrə aparılan hesabatların nəticələri ilə iştirakçıları tanış edib. Konfrans formatında keçirilən iclasda Aynurə Məmmədova açıq səsvermə nəticələrinə əsasən institutun yenidən İlk Həmkarlar Komitəsinin sədri seçilib. Daha sonra institut İlk Həmkarlar Komitəsinin və Nəzarət-Təftiş Komissiyasının tərkibləri təklif olunub.

Sonda Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov çıxış edərək Aynurə Məmmədovanın fəaliyyətinin uğurlu olduğunu vurğulayıb və bir sıra məsələlərə aydınlıq gətirib.

İclasın sonunda institutun baş direktoru Bəxtiyar Məmmədov təkrar seçilən sədrin nümunəvi fəaliyyətini, prinsipial mövqeyini, təşəbbüskarlığını və həmkarların hüquqlarını hər zaman müdafiə etməsini xüsusi vurğulayaraq ona müvəffəqiyyətlər arzu edib.

Tehsil-press.az

Oxşar xəbərlər