FİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASININ TƏSİS YIĞINCAĞI KEÇİRİLİB

FİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASININ TƏSİS YIĞINCAĞI KEÇİRİLİB Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib. İclasda yeni yaradılmış AMEA Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Ziba Ağayeva və fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadiyeva iştirak ediblər. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O, ilk olaraq yeni təsis edilmiş Şuraya gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, iclasda məqsəd Fizika İnstitutunda Qadınlar Şurasını təsis etmək və sədri seçməkdir. İnstitutun Qadınlar Şurasına sədrlik üçün AMEA-nın müxbir üzvü, laboratoriya müdiri Səlimə Mehdiyevanın namizədliyi irəli sürülüb.
C.Abdinov S.Mediyevanın elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, o uzun müddət Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini və elmi katib, laboratoriya vəzifələrində çalışıb. O, S.Mehdiyevanın fizika-riyaziyyat və texnika elmləri bölməsində AMEA-nın ilk fizik qadın müxbir üzvü olduğunu vurğulayıb.
İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, laboratoriya müdiri fizika üzrə elmlər doktoru, professor Elmira Kərimova Səlimə Mehdiyeva haqqında düşüncələrini bölüşüblər və S.Mehdiyevanın namizədliyini dəstəklədiklərini vurğulayıblar.
Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.
Daha sonra Şuraya 13 nəfərdən ibarət işçi qrup seçilib.
İclasda çıxış edən professor Rəna Mirzəzadə AMEA Qadınlar Şurasının digər qeyri-hökümət təşkilatlarından fərqli bir qurum olduğunu vurğulayıb. O, Şuranın elmi-metodiki problemlərin həllinə yönələn məsələlərin həlli məqsədi ilə olunduğunu bildirib. R.Mirzəzadə Qadınlar Şurasının institutlarda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının özəkləri, Həmkarlar İttifaqı komitələri, Gənc Alim və Mütəxəssislər şuraları ilə qarşılıqlı fəaliyyət göstərəcəyini qeyd edib.
Səlimə Mehdiyeva çıxış edərək kollektivə ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


Oxşar xəbərlər