Hindistandan həmlə: Dəhlizin açılması üçün şərt bəlli oldu

Hindistandan həmlə: Dəhlizin açılması üçün şərt bəlli oldu Bir çox ölkə böyük maliyyə imkanlarına malik olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə iqtisadi əlaqələri genişləndirməyə və onunla ortaq layihələr reallaşdırmağa çalışır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə son səfəri zamanı iki ölkə arasında ticarət mübadiləsini artırmaq məqsədilə müzakirələr aparmışdı. BƏƏ-nin Türkiyəyə yatırımları artıb.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Analizdə qeyd olunur ki, BƏƏ ilə iqtisadi-ticari əməkdaşlığını genişləndirmək istəyən dövlətlər arasında Hindistan da var:

“Hindistan Baş naziri Narendra Modi Dubaya səfəri zamanı ölkəsi ilə BƏƏ arasında yeni ticarət dəhliziylə bağlı niyyət protokolu imzalayıb. Bu, Modinin hakimiyyətə gəldiyi 2014-cü ildən bəri BƏƏ-yə yeddinci səfəridir. Yeni nəqliyyat dəhlizinə Brüssel və Vaşinqton da dəstək verib. Nəqliyyat dəhlizi Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, İsraili və Avropanı əhatə etməlidir. Layihə barədə ilk dəfə G-20-nin 2023-cü ilin sentyabrında Dehlidə keçirilən sammitində məlumat verilib.

Projenin reallaşmasına Yaxın Şərqdə başlayan müharibə mane oldu. Qəzzada davam edən müharibə layihənin reallaşmasına əngəldir. Vaşinqtonun İsraillə ərəb ölkələri arasında iqtisadi əlaqələri formalaşması istəyi arzu olaraq qalıb.

Bütün bunlara baxmayaraq, layihənin gələcəkdə reallaşmasına inam var. Layihənin əsas iştirakçıları müharibənin bitməsini gözləyirlər. Buna qədər müxtəlif görüşlər həyata keçirilir. Modinin BƏƏ-yə səfəri bu siyasətin tərkib hissəsidir. BƏƏ də Hindistandan başlaması planlaşdırılan nəqliyyat dəhlizinə ümidlə baxır.

BƏƏ 2020-ci ildə İsraillə diplomatik münasibətlər qurub. Bu amilin özü də ölkələrin layihənin reallaşacağına ümidlərini artırıb. “Röyter” yeni nəqliyyat dəhlizinin Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə alternativ olduğunu yazır. Amma dövlətlər hər iki layihənin imkanlarından istifadə edə bilərlər”.

Tehsil-press.az

Oxşar xəbərlər