ADPU-nun prorektoru: Azərbaycan-Türkiyə münasibətləri regionun ümumi tərəqqisinə töhfələr verir

ADPU-nun prorektoru: Azərbaycan-Türkiyə münasibətləri regionun ümumi tərəqqisinə töhfələr verir Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva bildirib.
Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu baxımdan cari il sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı başladılmış antiterror tədbirləri ilə suverenlik və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri də xüsusi bir siyasi mesaj sayıla bilər. Əgər Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi müttəfiqlik yaradıbsa, bunun ardınca imzalanan sənədlər ortaq iqtisadi maraqların gerçəkləşməsinə xidmət edir. Naxçıvanla Qars arasında dəmir yolu xəttinin çəkilişi də belə bir əhəmiyyətə malikdir. Bu dəmir yolunun istifadəyə verilməsi yalnız Naxçıvanın iqtisadi-sosial inkişafı üçün əhəmiyyətli deyil. Naxçıvandan Qarsa uzanan dəmir yolu xətti bütövlükdə Şərq-Qərb arasında beynəlxalq logistik layihənin tərkib hissəsidir ki, bu da hər iki dövlətin regional iqtisadi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Beləliklə, Türkiyə Prezidentinin səfəri Azərbaycan–Türkiyə müttəfiqliyinin möhkəmlənməsinə daha bir töhfə verməklə yanaşı, həm də Avrasiya geopolitik məkanında yeni düzənin əsasını qoyur. Bununla da liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir. Naxçıvan görüşü də yaxın zamanlarda şahidi olacağımız uğurların əsasını qoymuş oldu.

Tehsil-press.az




Oxşar xəbərlər