DTX tərəfindən saxlanılan generalın məhkəmə istintaqı yekunlaşdı

DTX tərəfindən saxlanılan generalın məhkəmə istintaqı yekunlaşdı Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Martın 18-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Tofiq Həsənov onlayn qaydada iştirak edib.

Məhkəmədə hakim Hüseyn Məmmədov tərəfindən şahidlər - Həsən Əhmədov, Daşqın Rəhimov, Vəli Ələsgərov, Rövşən Abdinov, Məhəmməd Həşimov, Şahin Mehdiyev, Namiq Əliyev və Ehtibar Hacıyevin ilkin istintaq zamanı verdikləri ifadələr elan olunub.

Şahidlərdən Həsən Əhmədov ifadəsində qeyd edib ki, Tofiq Həsənov çalışdığı müddətdə onun telefonu vasitəsilə bir neçə dəfə Naxçıvan MR Ali Məclisinin yüksək vəzifəli şəxsləri ilə danışıb. Eyni zamanda, T.Həsənov ona zəng edib və həmin vəzifəli şəxslərdən bəzilərinə çatacaq çantaların olduğunu deyib.

H.Əhmədov isə oraya gedərək çantaları götürüb. Naxçıvan Muxtar Respublikasının keçmiş ədliyyə naziri Daşqın Rəhimov ifadəsində Tofiq Həsənovun xidmət etdiyi müddətdə onun otağına gəldiyini, bağlamada 350 min manatı stolun üstünə qoyduğunu qeyd edib:

“Tofiq Həsənov deyib ki, gəlib pulu götürəcəklər”.

Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov ifadəsində qeyd edib ki, həbs olunanda qarışıq rejimli cəzaçəkmə müəssisəsində Tofiq Həsənovun təyinatınadək rejim qaydalarına düzgün riayət olunurdu. O təyin olunduqdan sonra ona qarşı qayda-pozuntuları artıb və onunla əlaqədə olan hər kəs ciddi şəkildə yoxlanılıb.

V.Ələsgərov həmçinin ifadəsində bildirib ki, cəzaçəkmə müəssisəsində istilik sistemi ümumiyyətlə, işə salınmayıb, məhkumlar soyuq havalarda üst-üstə paltar geyiniblər. Elan olunan ifadələrdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, Tofiq Həsənov ötən il vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvət almada şübhəli bilinərək saxlanılıb.

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində həbs qətimkan tədbiri seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər