Qohum evliliyinin müsbət tərəfi odur ki... - Psixoloq

Qohum evliliyinin müsbət tərəfi odur ki... - Psixoloq "Dünya üzrə bağlanan nikahların 20 faizi qohumluq əlaqələri olan nikahlardır. Faiz nisbəti ilə götürsək, hər il dünyada doğulan körpələrin 8.5 faizi qohum nikahlarından doğulan körpələrdir".

Bu sözləri açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, qohum nikahlarına görə dünya ölkələri arasında liderlik edən ölkələr Hindistan, Misir və Türkiyədir:

"Ölkəmizdə isə bağlanan hər 100 nikahdan 20-si qohum nikahıdır. İnsanlar öz əmisi oğlu, bibisi qızı, dayısı oğlu, xalası qızı ilə evlənmənin gələcək uşaqları üçün zərərli ola biləcəyini başa düşməzdən əvvəl genetikanın nə olduğunu, ailələrdə xəstəliklərin necə baş verdiyini anlamalıdırlar. Əgər başa düşsələr, özləri bunun nə qədər təhlükəli olduğunu görüb belə bir evliliyə qol qoymazlar. Amma nə qədər başa düşən var? - Bu mübahisəlidir".

L.Mehralı söyləyib ki, tibbi tədqiqatlara əsasən, qohum evliliyi bir sıra xəstəliklərə yol açır: "Xüsusən də Azərbaycan kimi qohum nikahlarına üstünlük verən ölkələrdə fiziki qüsurlu uşaqların doğulma tezliyinə sıx-sıx rast gəlinir. Qohum evliliyinin çox olması genetik xəstəliklərin geniş yayılmasının əsas səbəbidir. Bu xəstəliklər arasında beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması daha çox yayılıb. Bir çox ölkələrdə bu cür nikahlar qadağandır. Məsələn, Amerikanın bir çox ştatında, Tacikistanda, Qazaxıstanda, Hollandiyada qohum evliliyi qadağandır. Bu nəsillərin təmizlənməsi, xəstəliklərin durulması, xüsusilə irsi xəstəliklərin nəsildən nəslə ötürülməsinin qarşısının alınması üçün vacib addımdır. Problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağa tətbiq edilməsə, bizim ölkədə də vəziyyət kritik olacaq".

Psixoloq Vüsalə Əmiraslanova isə açıqlamasında qohum evliliyinin psixoloji tərəflərinə toxunub. Onun sözlərinə görə, qohum evliliyinin mənfi və müsbət tərəfləri çoxdur:

"Müsbət cəhət odur ki, tərəflər bir-birini əvvəldən tanıyır, həmçinin hər hansısa problem olduqda ailələr daha çox can yandırırlar. Lakin qohum evliliyindən doğulan uşaqların əksəriyyətinin psixoloji durumunda və sağlamlığında mənfi təsirlər müşahidə olunur. Zaman keçdikcə bu cür uşaqların problemi daha da çoxalır. Xüsusən də son dövrlərin bəlası olan autizmə qohum evliliyindən doğulan uşaqlarda daha çox rast gəlinir. Qohum evliliyindən doğulan uşaqlarda inkişaf və əqli gerilik daha çox yayılıb. Ona görə də qohum evliliyinin qismən ləğv olunması məqsədəuyğundur. Yəni çox yaxın qohumların evlənməsinə qadağa qoyulsa, daha doğru olar".

Tehsil-press.az

Oxşar xəbərlər