Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti ADU-da qonaq olub

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti ADU-da qonaq olub Aprelin 17-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Məkan Planlaması, Davamlı İnkişaf, Enerji, Nəqliyyat və Kommunikasiyalar üzrə Komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verən rektor universitetin son illər qazandığı uğurlarından danışıb.

Qeyd olunub ki, ADU-da tədris olunan xarici dillər yüksək hazırlıqlı, peşəkar müəllimlər tərəfindən tələbələrə tədris olunur:

“Bu gün Azərbaycan bütün dünyada siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması istiqamətində son dərəcə mühüm addımlar atır. Bu addımlar özünü elmi, mədəni, intellektual müstəvidə də göstərir.

İnanıram ki, Azərbaycanla sizin gözəl vətəniniz arasında mədəni, mənəvi, intellektual əlaqələr getdikcə artacaq. Biz sizin təhsil müəssisələrinizlə əməkdaşlıq etməyə hazırıq. Azərbaycana, Azərbaycan dövlətinə və onun həqiqətlərinə sizin sevginizi çox gözəl bilirik. Bunun üçün sizə dərin təşəkkürümü bildirirəm. Bir daha universitetimizə xoş gəlmisiniz! Ümid edirəm, səfər müddətində bizim həqiqətlərimiz və uğurlarımızla daha yaxından tanış olmaq imkanınız olacaq.”

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova Yeni Kaledoniyadan olan qonaqların universitetdə olmasının tarixi hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin qurulması vacib məsələlərdən biridir:

"Keçən ilin oktyabr ayında Yeni Kaledoniyadan gələn nümayəndə heyəti Azərbaycan parlamentində oldular, millət vəkilləri ilə görüşdülər və onlara qarşı həyata keçirilən kolonizasiya siyasətinin ağır nəticələri haqqında geniş məlumat verdilər.

Qeyd etmək istəyirəm ki, kolonizasiyadan əziyyət çəkən xalqlara dəstək məqsədilə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı çərçivəsində Bakı təşəbbüs qrupu yaradılıb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırır, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparır.”

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qonaqlara Qoşulmama hərəkatı haqqında məlumat verib. Qeyd olunub ki, Cənab Prezident İlham Əliyev dünya miqyasında müstəmləkəçilik siyasətinə qarşı ən fəal mübarizə aparan liderlərdən biridir.

Bildirilib ki, Azərbaycanda aidiyyəti üzrə bütün dövlət qurumlarında dekolonizasiya prosesinə böyük dəstək göstərilir və bu istiqamətdə zəruri töhfələr verilir.

ADU-nun İnsan Resursları şöbəsinin müdiri Məmməd İsmayılov və Xarici dillər kafedrasının müdiri Nərgiz Seyidova səfərin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Görüş gələcək elmi, mədəni əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ətrafında aparılan müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər