“Sinxua” xəbər agentliyinin jurnalistləri Dillər Universitetində olublar

“Sinxua” xəbər agentliyinin jurnalistləri Dillər Universitetində olublar Noyabrın 18-də bugünlərdə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V konqresində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Çinin “Sinxua” xəbər agentliyinin Moskvada yerləşən Asiya-Avropa şöbəsinin müdiri cənab Fan Veyqonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub.
Qonaqları Azərbaycan Dillər Universitetində görməkdən məmnunluğunu dilə gətirən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov onlara universitetin tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında ətraflı məlumat verib. Təhsil müəssisəsində müxtəlif dillərin tədris olunduğunu söyləyən professor burada dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. O, Çin dili və mədəniyyəti mərkəzinin bazası əsasında, o cümlədən Xuçjou Universiteti ilə tərəfdaşlığı sayəsində Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun yaranmasından söz açıb. Professor Dünyamin Yunusov universitetin Çinin aparıcı universitetləri ilə təhsil və elm sahəsində əlaqələrin inkişafı barədə məlumat verib. Azərbaycanda ilk milli Çin dili dərsliyinin nəşr olunduğunu xatırladan professor ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan 10 tələbənin təhsillərini Çinin Şenyan Pedaqoji Universitetində uğurla davam etdirib geri döndüklərini sözlərinə əlavə edib.
Nümayəndə heyətinin rəhbəri Fan Veyqo universitetdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaqlar Azərbaycana səfərlərinin məqsədi barədə məlumat verərək Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V konqresinin işini yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Sonra ADU-nun nəzdindəki Konfutsi İnstitutunun fəaliyyətinin Azərbaycan-Çin arasındakı əlaqələrin inkişafına töhfə verdiyini söyləyiblər.
Sonra nümayəndə heyəti universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq, o cümlədən Filologiya və Jurnalistika fakültəsinin Junalistika ixtisasında təhsil alan tələbələri ilə görüşüblər.
Görüşdə ADU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən müdiri professor Rafiq Abbasov Çinin “Bir kəmər, bir yol” qlobal layihəsinin tarixi İpək yolunun dirçəlməsi istiqamətində tədqiqatlar aparan Konfutsi İnstitutunun tədris prosesi və ictimai fəallığı barədə məlumat verib. Professor R.Abbasov universitetdə həyata keçirilən Çin dili kursları, elmi-mədəni tədbirlər, o cümlədən Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı əsası qoyulmuş Azərbaycan – Çin arasında media sahəsində əməkdaşlığı haqqında danışıb.
Görüşdə Azərbaycan – Çin arasında informasiya sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə müzakirələr aparılıb.
Sonda Azərbaycan Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqlar dostluğunun müasir davamçısı (2003-2013 illər)” adlı kitab Çinli qonaqlara təqdim olunub.

ADU-nun Mətbuat Xidməti


“Sinxua” xəbər agentliyinin jurnalistləri Dillər Universitetində olublar

Oxşar xəbərlər