Naxçıvan Dövlət Universitetində bəstəkar, xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetində bəstəkar, xalq artisti Şəfiqə Axundovanın  100 illik yubileyi qeyd edilib Ali təhsil ocağında Şərqdə opera yazan ilk qadın bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Konservatoriyanın Musiqi təlimi kafedrasının müdiri Sevinc Musayeva bəstəkarın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, 1924- cü ildə Şəkidə ziyalı ailəsində anadan olan Şəfiqə Axundova elə uşaqlıqdan musiqiyə maraq göstərib. Anasının böyük dəstəyi ilə musiqi təhsili alan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. Şəfiqə Axundova “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk edib. Bildirilib ki, Üzeyir Hacıbəylinin xeyir-duası ilə bəstəkarlığa başlayan Şəfiqə xanımın yaradıcılığında mahnı janrı da ana xətt hesab oluna bilər. Bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb.

600-dən çox mahnı bəstələyən bəstəkarın operaları, musiqiləri yalnız Azərbaycanda deyil, bütün dünyada ona şöhrət gətirib. Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundova 2013-cü ildə Bakıda vəfat edib. Görkəmli bəstəkarın yaradıcılığına həsr edilmiş videoçarx təqdim olunub.

Sonra Musiqi təlimi kafedrasının Şəfiqə Axundovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Tədbirdə universitetin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, Şəfiqə Axundova Azərbaycan musiqisinin ustad novatorlarındandır. Rektor konsertin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər