Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə konsert təşkil edilib

Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə konsert təşkil edilib Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə onlayn canlı bağlantı və konsert keçirilib.
BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova bütün iştirakçıları salamlayaraq konserti açıq elan edib. O, həmçinin akademiyanın 100 illiyi münasibətilə bir çox silsilə tədbirlərin, konsertlərin keçiriləcəyini də qeyd edib. Bu konsertin isə belə tədbirlərin ilki olduğunu vurğulayıb.
Sankt-Peterburq Dövlət Konservatoriyasının şöbə müdiri Regina Qlazunova tədbir münasibətilə qonaqları təbrik edərək, xoş arzularını bildirib.
Tədbirdə Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru, Rusiyanın Əməkdar artisti, professor Aleksey Vasilyev və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə Rusiya və Azərbaycanın qonşu ölkələr olaraq, daim həmrəy olduğunu və bir-birinin mədəniyyətlərinə hörmətlə yanaşdıqlarını vurğulayıblar.
Professor Aleksey Vasilyev Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və bir əsr boyunca akademiyanın dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etməsini qeyd edərək, kollektivə uğurlar arzulayıb.
F.Bədəlbəyli də xoş sözlərə və təbriklərə görə Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru və bütün kollektivinə dərin təşəkkürlərini bildirib. O, görkəmli bəstəkar, musiqişünas alim, ictimai xadim Üzeyir Hacıbəylinin Sankt-Peterburq Konservatoriyasında təhsil aldığını, dahi bəstəkar Qara Qarayevin baletlərinin Sankt-Peterburq Teatrında səhnəyə qoyulmasını qeyd edib.
Ardınca söz musiqiyə verilib. Konsertin l hissəsində Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələri, ll hissəsində isə BMA-nın tələbələri çıxış etdilər. Tədbirdə Azərbaycan, rus və xarici ölkələrin bəstəkarlarının əsərləri səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər