Nə az-nə çox, bir qərinəlik dostluq tariximiz olan qaim-qədim Borçalı əsilli Vətən sevdalısı, şəxsiyyəti saflıq, dürüstlük mücəssəməsi, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş dəyərli aydın, filoloq-pedaqoq, yazıçı, publisist Bayram Mahmudoğlu Qorqudu dünyaya gəldiyi gün ( iki iyun), ömür təqviminin 70 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı dostuma 20 il öncə yazdığım “Qorqud həvəsli” ithaf şeirimi bu günün ovqatında süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.
Bulanıq zamanda durulmaq çətin,
Çağlayan çeşmədir sənin xislətin.
Yetmiş illik yolu qət etdin mətin,
Bayram Mahmudoğlu, Qorqud həvəsli!
Həyat rəvan deyil, eniş-yoxuşdur,
Nə əbədi bahar, nə də ki, qışdır,
Kədəri qəlb qıran, sevinci xoşdur...
Bayram Mahmudoğlu, Qorqud nəfəsli!
Döydü yağış səni, döydü qar səni,
Sarsıda bilmədi tufanlar səni,
Beləcə görmüşəm bəxtiyar səni,
Bayram Mahmudoğlu, Qorqud pir dərsli!
Mehrini salmadın dünya malına,
Səadət sayılan cah-cəlalına...
Bir gözlə baxmısan zəhər-balına,
Bayram Mahmudoğlu, Qorqud əsilli!
Başı qarlı dağlar sənin bənzərin,
Səsinin ləngəri ucalıq, dərin...
Yetmiş illik yola alqış, afərin,
Bayram Mahmudoğlu, ün-səsli!
Rəbbimizin sonsuz hikmət və mərhəmətinə sığınıb, sənə şəfa diləyirəm, ən çətin məqamlarda belə ruhu diri-duru dostum Bayram müəllim! Tanrı qorusun!
Tapdıq ƏLİBƏYLİ
Tehsil-press.az