Böyük əksəriyyətin az bildiyi fakt: Rəsulzadənin mühacirətdəki Vanda sevgisi

Böyük əksəriyyətin az bildiyi fakt: Rəsulzadənin mühacirətdəki Vanda sevgisi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, milli istiqlal mübarizəsinin görkəmli siması olan Məhəmməd Əmin Rəsulzadənin həyatı və fəaliyyəti haqqında yüzlərlə araşdırma yazılıb.

Onun dövlətçilik idealları, siyasi fəaliyyəti və düşüncə irsi Azərbaycan tarixində mühüm yer tutur. Amma bu böyük şəxsiyyətin özəl həyatı, xüsusilə polşalı həyat yoldaşı Vanda ilə bağlı olan məqamlar çox az araşdırılıb. Halbuki Vanda Rəsulzadə ilə evlilik dövründə, mühacirətdəki mübarizə illərində Rəsulzadənin mənəvi dayanaqlarından biri olub.

Mühacirlik sevgisi: Vanda ilə tanışlıq

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Məhəmməd Əmin Rəsulzadə sovet təqiblərindən qurtulmaq üçün bir müddət İstanbulda yaşamaq məcburiyyətində qalıb. Daha sonra Avropa mühacirətinə üz tutan Rəsulzadə Polşada məskunlaşmaq qərarına gəlib.

Rəsulzadənin Polşada qalması təsadüfi deyil. Çünki onun Polşada inqilabçı Marşal Pilsudski ilə güclü dostluq əlaqələri vardı. Bu əlaqələr hələ cümhuriyyət dövründə məktublaşmalarda da açıq görünürdü. Beləliklə, Rəsulzadə Varşavada mühacir həyatı başlayır. Burada o, sovet rejiminə qarşı mübarizəni davam etdirən “Prometey” hərəkatının fəal üzvlərindən olur.

Həmin dövrdə Polşa SSRİ-yə qarşı strateji informasiya və ideoloji mübarizə meydanına çevrilmişdi. Elə bu illərdə Rəsulzadə polşalı Vanda adlı bir xanımla tanış olur.

Tarixi mənbələrə görə, Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın Xarici İşlər Naziri ilə qohumluq əlaqəsinin olduğu bildirilir. Onların münasibəti dostluqdan ailə qurmağa qədər irəliləyib. Həmin vaxtlar Rəsulzadənin həyatında siyasi fırtınalar hökm sürsə də, Vanda ona hüzur bəxş edib, sığınacaq verib. 1931-ci ildə onlar rəsmən ailə həyatı qurmağı qərara alıblar.

Bu iki insanı birləşdirən ortaq dəyərlər çox idi. Başlıca səbəb isə azadlıq sevgisi idi.

Mənbələrə görə, Vanda xanım Polşanın rus əsarətində olan torpaqlarında dünyaya gəlmişdi. Burada təhsil ancaq rus dilində aparılır, ana dilində danışmağa imkan verilmirdi. Vanda isə uşaqlıqdan ruslara nifrət hissi ilə böyümüşdü. Hətta sonradan Varşavada Vanda xanıma rus dili və ədəbiyyatını tədris etmək üçün müraciət edəndə, o, yüksək maaşa baxmayaraq, imtina etmişdi.

Rəsulzadənin ailəsi artıq təkcə siyasi yox, həm də mədəni bir birliyə çevrilmişdi – türk, polyak və Azərbaycan ruhunun bir yerdə yaşadığı kiçik, lakin dəyərli bir ailə modeli...

Rəsulzadə bir müddət sonra həyat yoldaşı Vanda xanıma Leyla adı vermişdi. Onların bu evlilikdən Rəisə adlı bir qızları da dünyaya gəlmişdi. İkinci Dünya Müharibəsi və Mühacirətin Yeni Fəsli 1939-cu ildə İkinci Dünya Müharibəsi başladıqda Polşa Almaniya tərəfindən işğal edildi. Varşavada artıq qalmaq təhlükəli idi. Rəsulzadə ailəsi ilə birlikdə bir müddət Almaniyada yaşamaq qərarına gəlmişdi. Sonradan onun üçün daha sabit və güvənli yer olan Türkiyəyə köçdülər.

İstanbul və Ankarada siyasi mühacir kimi yaşayan Rəsulzadə burada da Azərbaycanın müstəqilliyi üçün publisistik və ideoloji mübarizəsini davam etdirdi. O, “Azərbaycan Tarixi”, “Çağdaş Azərbaycan”, “Milli Azadlıq Uğrunda” kimi əsərlərini Türkiyədə yazdı. Vanda və Rəisə onun bu çətin illərində sadiq dəstəkçisi oldular.

Mənbələrə görə, Vanda xanım (Leyla) burada kitabxanada işləyirdi. O, təkcə bir həyat yoldaşı kimi yox, həm də Məmməd Əmin Rəsulzadənin mühacirətdə yaşatdığı milli dəyərlərin qoruyucusu olmuşdu.

Vanda xanımın Türkiyədəki həyatı haqqında tarixi mənbələrdə çox az məlumat var. Lakin Rəsulzadənin şəxsi yazılarında və xatirələrdə onun əziyyətlərini, səssiz dəstəyini hiss etmək mümkündür. Bəzi mənbələrə görə, Vanda daha sonra Almaniyada və ya Avropanın başqa ölkəsində həyatını davam etdirib. Bəzi iddialara görə isə 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəi” qəbiristanlığında dəfn edilib.

Ümumilikdə, Vanda Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin həyatına yalnız bir həyat yoldaşı kimi deyil, həm də milli ideallar uğrunda çarpışan bir insanın yanında səssiz dayanan güc simvoluna çevrildi.

Tarix onu vaxt kölgədə buraxsa da, Rəsulzadənin həyat və mübarizəsində Vandanın rolu danılmazdır. Bugünkü nəsillər üçün Vanda Rəsulzadə yalnız keçmişin bir xatirəsi deyil, həm də sevgi, fədakarlıq və əqidəyə sədaqətin canlı simvoludur.

Tehsil-press.az

Oxşar xəbərlər