SERTİFİKASİYA İMTAHANI YENƏ NARAZILIQ YARATDI – ƏSASƏN RUS DİLİ MÜƏLLİMLƏRİNDƏ

SERTİFİKASİYA İMTAHANI YENƏ NARAZILIQ YARATDI – ƏSASƏN RUS DİLİ MÜƏLLİMLƏRİNDƏ Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, müəllimlərin iyun ayının 21, 22, 24 tarixlərində sertifikatlaşdırılması prosesinin test mərhələsi imtahanı keçirilib.

Bu il ilk dəfə prosesə riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan veriblər. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.

Məlumdur ki, müəllimlərin sertifikasiya imtahanlarından sonra narazılıqlar olur - həm qurum, həm də müəllimlər tərəfindən. Hər iki tərəf bir-birini qınayır: müəllimlər suallardan, qurum isə bir çox müəllimin sertifikasiya imtahanında göstərdiyi nəticədən razı qalmır...

Bu dəfə isə Azərbaycan dili bölməsində rus dili tədris edən müəllimlər test intahanının qəlizliyindən “qan ağlayıblar”. Fb sosial şəbəkəsinin “Rus dili MIQ ve Sertifikasiya (Smart Academy)” qrupunda isə narazılıq baş alıb gedir. Belə məlum olub ki, müəllimlərin bir çoxu keçid balını toplaya bilməyib...

Sosial şəbəkələrdə bu bölmə üzrə sertifikasiya imtahanlarına cəlb olunmuş bir çox rus dili müəllimləri sualların vaxt tələb edən olmasından, Azərbaycan bölməsinin tədris proqramına görə uyğunsuzluğundan, rus sektoruna aid olmasından şikayətlənirlər. Aralarında ingilis, fransız dili fənləri üzrə sualların daha asan olduğunu bildirənlər də var, sualların çətinliyinin həftədə bir dəfə rus dili tədris edən müəllimlərə qarşı ədalətsizlik adlnadıranlar da, hətta bu fənnin Azərbaycan bölməsindən sıxışdırılması kimi dəyərləndirənlər də... Lakin görünən budur ki, müəllimlərin əksəriyyəti test suallarından şikayətçidir.

Azərbaycan bölməsində rus dili fənninin tədrisi üzrə sertifikasiya imtahanından keçid balı toplayan müəllimlərdən birinin (adının açıqlanmasını istəməyən) TEZADLAR.AZ-a verdiyi məlumata görə, test suallarından bir çoxu çaşdırıcı olub.

Onun sözlərinə görə, mətn sualları olduqca məntiqsiz, mənasız və məktəb proqramından, DİM-nin tərtib etdiyi test suallarından kənarmış.

“... O qədər isterikada olan müəllimlər vardı. Vəziyyət çox gərgin idi. Test suallarına pedaqoji fəaliyyətlə məşğul olduğum uzun illər ərzində heç zaman rast gəlmədiyim frazeoloji birləşmələr salmışdılar... Bizim verdiyimiz sertifikasiya imtahanının qətiyyən orta məktəblə əlaqəsi yox idi. Bu sualları kim tərtib edib, anlamıram... Düşünürdüm ki, 60 suala 1 saat ərzində cavab yazacam - sualların 50-si ixtisasdan, 10-u metodikadan idi. Lakin 3 mətnə 1 saat vaxt sərf etməli oldum. 57 suala isə 1 saat vaxtım qaldı. Hər suala 2 dəqiqə vaxt ayrılıb və 1 balla qiymətləndirilir”.

İndi isə sosial şəbəkədə - “Rus dili MIQ ve Sertifikasiya (Smart Academy)” qrupunda narazılıq edən çoxsaylı müəllimlərin bir neçəsinin paylaşımlarını diqqətinizə çatdırırıq:

Afa M Ova: Həftədə 1 saat dərsi olan müəllimlərə (rus dili muəllimlərinə) böyük ədalətsizlik oldu və haqqımız tapdalandı. Ona görə də imtahanın yenidən keçirilməsini tələb edirik!

İlyas Fataliyev: İmtahanın yenidən keçirilməsinə çalışmalıyıq. Bizə də ingilis dili müəllimləri ilə bərabər imkanlar yaradılmalıdır. Sualların çətinlik dərəcəsi bütün fənlər üçün eyni olmalıdır. Ədalətsizliyə son qoyulmalıdır!!!

Rufat Ə-ev: İmtahan yenidən keçirilsin və ya bu cür əndrabadi suallara keçid balı 25-ə endirilsin. TƏLƏB EDİRİK !

Ebulfaz Namazov: Rus dili müəllimlərinə qarşı edilən bu qədər haqsızlığın məqsədini desinlər. Niyə bu dili sıxışdırıb çıxarmağa çalışırlar. Nədir məqsəd? Hər yerdə rus dili müəllimlərinə ehtiyac olduğu halda sayı azaldıb tədricən bu dili sixisdirmaqdı məgər. Suallari tərtib edən müəllimlər indi cavab versinlər bu qədər müəllimə. Bu qədər müəllimin haqqına girdilər. İxtisasi atsınmı bu müəllimlər? Neyləsin? İnsafla yanaşmaq lazım idi.

Лаиг Мамедов: Təəssüf hissilə bildirirəm ki, bu günkü sertifikasiya imtahanına salınan sualların az bir qismi çərçivə mövzularını əhatə edirdi.

Yusif Zamanov: Rus dilindən elə cəfəngiyat şeylər salmışdılar ki, heç bir qrammatik qaydalara uyğun gəlmirdi.

Yaqut Aliyeva: Neçə illərdir artıq rus dili fənninə, müəllimlərinə haqsızlıq edilir. Rus dilinin qramatikası, danışıq dili bugünkü imtahanlarda tərtib edilmiş suallardanmı ibarətdir?! 1 sual variantının içində məktəb proqramına aid olmayan 10 frazeoloji birləşmə, 5 variant, hər birində 2 fr.birləşmə (rusların özlərinin belə işlətmədikləri). Mən dərsliklərdə olan bütün fr.birləşmələri bilirdim. Nə edək? Kitab dolusu fr.birləşməmi əzbərləyək? Bunun müəllimə, ya şagirdə nə xeyri var? Vurğu salırsız. Salın, amma dərsliklərdə olan sözlər olsun. Sözlərin izahını istəyirsiniz, istəyin, dərsliklərə uyğun olsun...Mətn salırsınız, salın, heç olmasa ekrana sığışan olsun və maraqlı müəlimə, şagirdə lazım olan bir mətn olsun. Hansısa ölkənin coğrafiyası kimə rus dilini öyrənməkdə kömək olacaq?! Müəllim şagirdə minimum bilik verməlidir. Olmazmı ki, biz şagirddə rus dilində danışmaq üçün lazım olan qrammatikanı və ifadələri, cümlə qurmaq, danışmaq bacarıqlarını formalaşdıraq?!...
Rahile Suleymanova: Aidiyyəti olan qurumlardan xahiş və tələb edirik ki, bizə qarşı olan haqsızlığı araşdırıb, bizim hüquqlarımızı təmin etsinlər.

Seadet Baxshiyeva: #imtahanyenidenkeçirilsin.

Və digər çoxsaylı paylaşımlar... Artıq müəllimlərin bəziləri Portal.edu.az saytının şikayətlər bölməsinə şikayətlərini yazdıqlarını bildiriblər.

***

Biz bəzi müəllimlərin narazılığını işıqlandıraraq əlaqədar qurumların diqqətinə çatdırdıq. Şikayətlərə qulaq asıb, ölçü götürmək və müvafiq qərar vermək isə onların səlahiyyətindədi. İnanaq ki, müəllimləri də eşidən tapılacaq...

Tehsil-press.az

Oxşar xəbərlər