İmtahandan şikayət edən müəllimlərə sərt cavab: "9-cu sinif səviyyəsində belə bilmirlər"

İmtahandan şikayət edən müəllimlərə sərt cavab: Artıq bir neçə gündür ki, ölkədə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

İyunun 24-dən xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) üzrə müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilib. İmtahandan sonra sosial şəbəkələrdə bəzi müəllimlər Azərbaycan bölməsində rus dilini tədris edən müəllimlərə verilən sualların çox çətin və proqramdan kənar olduğunu bildiriblər. Müəllimlər qeyd ediblər ki, imtahanda istifadə olunan sualların əksəriyyəti çətinlik səviyyəsi yüksək olan, akademik suallar idi. Asan və orta suallarin sayi çox az idi. Verilən mətnlərin həcmi böyük, suallari isə çox çətin idi. Üstəlik frazeoloji birləşmələrlə bağli suallar çətin və anlaşilmaz idi, heç nə başa düşmək olmurdu. Ümumişlək olmayan sözlərdən çox istifadə edilmişdi. Bu tapşiriqlari yerinə yetirmək üçün 2 saat vaxt çox azdir.

Qeyd olunub ki, müəllimlərin əksəriyyəti Azərbaycan bölməsində rus dilini 2-ci xarici dil kimi tədris edir. Sertifikasiya imtahanına düşən mövzuların 80 faizi məktəbdə uşaqlara keçilmir. Ona görə də dərsliklərdə bu mövzular yoxdur. Bir sözlə, suallar dərsliklərdəki materiallara uyğun olaraq salınmayıb. Mətnə aid tapşırıqlar bir çox müəllimin yarım saata qədər vaxtını vaxtını alıb. Rus bölməsinin sualları ilə Azərbaycan bölməsinin rus dili müəllimləri imtahan edilib.

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Bakupost.az -a deyib ki, sertifikasiyada istər ibtidai sinif müəllimləri, istər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, istərsə də digər dil bölmələrində dövlət dili olaraq Azərbaycan dilindən verilən suallar 9-cu sinif səviyyəsindən yuxarı olmayıb:

"Sualların təhlili də göstərir ki, 9-cu sinifin test tapşırıqlarından suallar təqdim edilib. Bunlar bir çox hallarda 8 və 9-cu siniflərin böyük summativ qiymətləndirmələrinə düşəsi suallardır. Ona görə də sualların çətinlik səviyyəsi ilə bağlı deyilənlər bəhanədir. Bu, Azərbaycan müəlliminə yaraşmır. Müəllimlərin bir çoxu öz üzərlərində işləmir. Nəticənin belə olması təbiidir. Müəllim insan kapitalını yetişdirir. Onun peşəkarlığı ən üst səviyyədə olmalıdır. Müəllimin tədris etdiyi fənlə bağlı ən elementar sualı bilməməsi təəssüf doğurur. Onların bu prosesdən şikayət etməsi, sualların çətin olduğunu deməsi absurddur. Çətin odur ki, onu bilmirsən. Problem də ondadır ki, həmin müəllimlər 9-cu sinif səviyyəsində belə bilmirlər. Burada yeganə günahkar onların özləridir. Sertifikasiya imtahanındakı sualların heç 30 faizinin çətinlik dərəcəsi yoxdur. Bu baxımdan müəllimin “mən bunu bilmirəm”, “mənim üçün çətindir” deməsi qəbuledilməzdir”.

Elşən Qafarov qeyd edib ki, sertifikasiya müəllimlərin hazırkı peşəkarlıq səviyyəsini ölçən prosedurdur:

“Bu gün müəllim işləməyə yararlı deyilsə, ona qaydalara əsasən, növbəti il yenidən şans verilir. Müəllimlərin bir il vaxtı var idi ki, imtahana yenidən hazırlaşsınlar. Bu, onlara verilən ikinci şans idi. Növbəti şansdan doğru istifadə etməyən, ikinci imtahandan keçə bilməyənlərin əmək müqaviləsinə xitam verilir. Hesab edirəm ki, bu, ən doğru qərardır. Müəllim işləməyə yararlı olmayan insanlar tədrisdən kənarlaşdırılmalıdır”.

Ekspert onu da bildirib ki, sertifikasiya imtahanından kəsilən müəllimlərin əmək müqaviləsinə xitam verilsə də, onların pedaqoji fəaliyyətlə məşğul olmaq, yəni gələcəkdə müəllim işləmək hüququ əlindən alınmir:

"Onlar hazırlaşıb növbəti MİQ müsabiqəsində iştirak edə bilərlər. Uğur qazandıqları təqdirdə yenidən müəllim kimi fəaliyyətlərini davam etdirə bilərlər. Düşünürəm ki, müəllimliyə qəlbən, ruhən bağlı olan insanlar bu addımı atarlar. Bununla da onlar müəllim işləməyə layiq olduqlarını hər kəsə sübut etmiş olarlar”.

Tehsil-press.az

Oxşar xəbərlər