Məktəblər müəllimsiz qalacaq?- “Güzəşt olmayacaq...”

Məktəblər müəllimsiz qalacaq?- “Güzəşt olmayacaq...” Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər. İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub.

Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Qeyd edək ki, növbəti sertifikasiya imtahanlarında xüsusilə də xarici dil fənnini tədris edən müəllimlərin problemlə qarşılaşacağı barədə fikirlər səslənir. Belə ki, bu gün ölkədə xarici dil fənnini tədris edən, xüsusilə bölgələrdə fəaliyyət göstərən müəllimlərin bir qisminin çətinliklərlə üzləşəcəyi deyilir. Həttta sosial şəbəkələrdə bəzi xarici dil müəllimlərinin dərslərdə nəinki müasir metodlardan istifadə etmədiyi, hətta qrammatikanı bilməyənlərin olduğu barədə fikirlər yayılır.

Xatırladaq ki, ötən il təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Qarşıdan gələn sertifikasiya imtahanında hansı fənn müəllimlərini bu təhlükə gözləyir?

Təhsil üzrə ekspert Elçən Qafarov “Cebhe.info”-ya bildirib ki, ümumiyyətlə, sertifikasiya müəllimlər üçün hər hansı təhlükə deyil, onun peşəkarlıq səviyyəsini müəyyən edir:

“Yəni müəyyən edir ki, müəllim hazırda tutduğu peşəyə yararlıdır, yoxsa yararlı deyil. Bizim müəllimlər də kifayət qədər işini sevir və işinə ciddi yanaşır. Dünyanın bütün təhsil sistemlərində olduğu kimi bizdə də sistem müəllimlərin peşə yararlığını yoxlamalıdır.

Sertifikasiyanın keçirilməsi əslində müəllimin özünə xeyirlidir. Sertifikasiyada 30-50 faiz bal toplayanların əməkhaqqı 10 faiz, 51-60 faiz toplayanların isə 35 faiz artır.

Eyni zamanda, yüksək bal toplayan müəllimlərimizin gələcəkdə direktor, direktor müavini və daha yuxarı vəzifələrə irəli çəkilməsi ilə bağlı yaşıl işıq yanır. Sertifikasiya bütün hallarda müəllimə faydalı, həm sosial, həm karyera, həm də mənəvi baxımdan üstünlük gətirən bir fəaliyyətdir”.

Ekspert o fikirlə razı deyil ki, sertifikasiya müəllim üçün hansısa bir təhlükə ola bilər:

“Bizdə ümumi təhsil şagirdyönümlüdür. Hər bir valideynin, cəmiyyətin, təhsil sisteminin də arzusudur ki, müəllim peşəsində daha peşəkar insanlar çalışmalıdır. Düşünürəm ki, müəllimlərimiz sertifikasiyadan uğurla keçəcəklər”.

Ekspertin fikrincə, müstəqilliyin 33 ilində müəllimliyin peşəkarlıq səviyyəsi ciddi yoxlanılmayıb:

“Bu gün sertifikasiyadan, xüsusilə də xarici dil fənnindən söhbət gedirsə, həm buraxılış, həm qəbul imtahanlarında, eləcə də dövlət qulluğuna qəbulda xarici dil əsas meyar kimi götürüldüyündən, xarici dil müəllimlərimizin böyük bir hissəsi hazırlıqlarla məşğuldur. Ancaq müəllim tədris etdiyi fəndən dil bacarıqlarına malik olmalıdır. Çünki istər “Təhsil haqqında” Qanunun 19 maddəsində, istərsə də “Ümumtəhsil haqqında” Qanunun 13 maddəsində konkret olaraq göstərilib ki, tam orta təhsil səviyyəsini bitirən məzunların ən azı 1, yaxud bir neçə xarici dildə ünsiyyət bacarıqları olmalıdır.

Onların ünsiyyət bacarığının olması üçün bu fənnləri tədris edən müəllimin özünün ünsiyyət bacarığı olmalıdır. Düşünürəm ki, artıq xarici dil müəllimləri də vəziyyətin ciddiliyini başa düşürlər. Ola bilsin ki, birinci sertifikasiyada Elm və Təhsil Nazirliyi nisbətən güzəştli mövqe tutsa da, növbəti sertifikasiyalarda xarici dil müəllimlərinin xarici dil bacarığı əsas şərtlərdən biri olmalıdır. Nəticə etibarilə orada 60 sualdır və onun 50 sualı ixtisas, 10 sual metodikadır.

Tam böyük əksəriyyəti birinci mərhələni keçəcək, ikinci mərhələsində problemlə üzləşə bilərlər. Məsələn, Astara Pedoqoji Kolleci var idi ki, orada iki heyvan satmaqla xarici dil ixtisasına daxil olurdular. İnsan xarici dildə tədrislə məşğul olur, ancaq xarici dildə bir cümlə belə yaza, deyə bilmir. O şəxsin xarici dil müəllimi işləməsi nə dərəcədə doğrudur?

Yaxud kəndlərdə, ucqarlarda əziyyətlə yaşayan şagirdlərimizin xarici dili öyrənmək hüququ kiminsə 300-500 manat əməkhaqqı almaq marağına görə niyə məhv edilməlidir? Dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Bu baxımdan məsələni elə qoymaq lazım deyil ki, 30 min müəllimdən 100-300 nəfər sertifikasiyadan keçə bilməyəcək. Axı burada 1 miyon 600 min şagirdin taleyindən söhbət gedir”.

Ekspert inanır ki, bu sertifikasiyadan böyük əksəriyyət keçəcək:

“Keçə bilməyənlər olarsa, onların əmək müqaviləsinə xitam verilməsi tam realdır. Ancaq sertifikasiyanın humanist tərəfi odur ki, müəllimlə dərhal əmək müqaviləsinə xitam verilməyəcək. Nəticədə 1 il vaxt verilir, şəxs bu müddətdə xarici dil proqramlarını öyrənir.

Müəllimlər dil bacarıqlarını inkişaf etdirməlidirlər. Bu, onların peşə vəzifələrinin əsas tərkib hissəsidir. Dil bacarıqları olmayanların işləməsi doğru deyil. Qrammatikanı bilməyənin müəllim işləməsi, ümumiyyətlə, absurddur, yolverilməzdir.

Məsələn, bir riyaziyyat müəllimi “vurma cədvəli”ni, sadə tənliyi həll edə bilmir və bildirir ki, 500-1000 manat maaş alır, sertifikasiya keçirməsin, millətin balalarını kor qoysun. Qrammatikanı bilməyənin ingilis dili müəllimi işləməyə nə haqqı var? Növbəti sertifikasiyada güzəştli mövqe olmayacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər