Sertifikasiya niyə vacibdir? - "Bu, müəllimləri işdən çıxarmaq üçün nəzərdə tutulmayıb!"

Sertifikasiya niyə vacibdir? - Gələn ay Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesi başlayır. 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Ötən il sertifikasiya prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. 2026-cı ilə qədər ölkədə 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır.

Əvvəlki illərdə keçirilən sertifikasiya imtahanlarında bəzi müəllimlər prosesi uğurla yekunlaşdıra bilməmişdi. Nəticə etibarilə prosesdən keçə bilməyən bəzi müəllimlərin əmək müqaviləsinə xitam verilib.

Ancaq sertifikasiya prosesinin məqsədi müəllimləri işdən çıxarmaq deyil, onların özünü təkmilləşdirməsinə imkan yaratmaqdır. Qeyd edək ki, sertifikatlaşdırma ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilir. Sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək üçün fürsət yaranır

"Sertifikatlaşdırma karyera pillələrində qohumbazlıq, tanışlıq kimi digər amillərin rol oynamasının qarşısını alır"

Modern.az-a danışan Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli müəllimlərin sertifikasiyası prosesinin təhsilin keyfiyyətinin yaxşılaşması baxımından çox mühüm addım olduğunu deyib:

“Sertifikasiya prosesində hansısa şəxslərə və yaxud müəyyən ixtisas sahiblərinə probelemlərin yaradılması, onların işdən çıxardılması istiqamətində müəyyən açıqlamalar verilir. Sosial şəbəkələrdə bəzi maraqlı, bu işi dərindən bilməyən insanlar tərəfindən müzakirələr aparılır. Əslində biz dərindən baxdıqda, savadlı müəllimlərin sertifikasiya prosesində heç bir əngəllə, çətinliklə qarşı-qarşıya qalmadıqlarının şahidi oluruq. Əksinə bu bir növ biliklərin təkrarlanması, yeni istiqamətlərin müəllimlər tərəfindən davamlı olaraq öyrənilməsi öz praktiki fəaliyyətlərini təkminləşdirmək baxımında çox önəmlidir. Sertifikasiya prosesində uğurlu nəticələr əldə edən çox sayda müəllimlərimiz var. Müsbət nəticə əldə edən müəllimlərin maaşlarına əlavələr edilib, bu, həm də stimullaşdırıcı xarakter daşıyır”.

Deputatın sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması, burada uğurlu nəticələr əldə etmiş müəllimlərin maaşlarının tədricən yüksəlməsi təhsil sektoruna axını gücləndirir:

"Sertifikatlaşdırma obyektivliyi və şəffaflığı artırır, neqativ halların, qohumbazlıq, tanışlıq müəyyən istiqamətlərdə karyera pillələrində digər amillərin rol oynamasının qarşısını alır. Mütəxəssisin, müəllimin konkret olaraq öz vəzifəsinə, öz işinə uyğun suallara, testlərə müəyyən araşdırma mövzularına doğru cavab verməsi onları gələcək karyera inkişafına stimullaşdırır. Maddi vəziyyətlərini yaxşılaşdırmağa, həm maddi, həm mənəvi stimul qazanmalarına səbəb olur”.

"Sertifikasiya müəllimləri işdən çıxarmaq üçün nəzərdə tutulan imtahan deyil"

Qeyd edək ki, sertifikasiya imtahanından yüksək nəticə göstərən müəllimlərin daha da stimullaşdırılması üçün gələcəkdə daha vacib addımların atılması gözlənilir. Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bu barədə açıqlama verib. “Gələcək aylarda sertifikasiya prosesi ilə direktorların işə qəbulu prosesini əlaqələndirərək direktorları yüksək bal toplayan müəllimlərin arasından seçməyi planlaşdırırıq. Bunun direktorların işə qəbulu prosesini kifayət qədər daha rəqabətli edəcəyini düşünürük”, - o qeyd edib.

Təhsil eksperti Elşən Qafarov hesab edir ki, sertifikasiya müəllimləri işdən çıxarmaq üçün nərəzdə tutulan imtahan deyil:

“Sertifikasiya müəllimlərin hazırkı peşəkarlıq səviyyəsini lazım gələrsə, onların peşə yararlılığını ölçən prosedurdur. Bu proses müəllimin hazırkı peşəkarlıq səviyyəsini ölçür. Əgər onun peşəsi çox aşağı səviyyədədirsə, bu gün müəllim işləməyə yararlı deyilsə, onlara qaydalara əsasən bir il yenidən şans verilir. O növbəti şansdan doğru istifadə etmədikdə, ikinci imtahandan da keçə bilmədikdə əmək müqaviləsinə xitam verilir. Sertifikasiyanın çətin olması ilə bağlı sosial şəbəkə və cəmiyyət arasında yayılan fikirlər həqiqəti əks etdirmir”.

Ekspertin sözlərinə görə, hər bir müəllimin sertifikasiya imtahanında iştirakının mahiyyəti bundan ibarətdir ki, onun peşəkarlıq səviyyəsi, ixtisasına yaralılığı yoxlanılır:

“Müəllimin müəllimliyi məhz onun pedaqoji, psixoloji, metodiki biliklərindən ibarətdir. Sertifikasiya zamanı müəllim qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir.
Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikasiya müəllimin hazırki peşəkarlıq vəiyyətini yoxlayır. Sertifikasiya prosesinin təşkili qaydaları Nazirlər Kabinetinin 30 aprel 2020-ci il qərarı ilə təsdiq olunub. Həmin qaydalarda göstərilmiş tələblərə nisbətdə çox yumuşaq təşkil olunur. Çünki orada göstərilir ki, fənnin metodikası, müasir təlim metodları və strategiyaları suallara salınmalıdır. Amma bizdə isə sertifikasiyada müəllimlərin tədris etdiyi fənndən suallar salınıb. Bu da çox yumuşaldılmış variantdır. Təqribən 11-ci sinifin buraxlış imtahanlarından da rahat suallar salınır. Ona görə düşünürəm ki, müəllimlərin sertifikasiya prosesində hansısa narahatlığa ehtica yoxdur. Azərbaycan müəllimin peşəkarlıq səviyyəsi kifayət qədər yüksəkdir. 2022-2023-cü tədris ilində keçirilmiş sertifikasiya imtahanı göstərdi ki, müəllimlərin nəticələri kifayət qədər yaxşıdır. Əlbəttə hər bir müəllim üzərində daha yaxşı işləməlidir. Sertifikasiya təhsilimiz üçün əsas amillərdən olan müəllim peşəkarlığının yoxlanılmasına yönəlib”.

Tehsil-press.az

Oxşar xəbərlər