Kamal Abdullanın “Seçmələrin-seçməsi-Qranulalar” kitabı nəşr olunub

Kamal Abdullanın “Seçmələrin-seçməsi-Qranulalar” kitabı nəşr olunub Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçmələrin seçməsi-Qranulalar” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin 7 cildlik “Seçilmiş əsərləri”ndən istifadə edilib.

“Seçilmiş əsərlər”dən seçilmiş bir sıra qranula-cövhər sayıla biləcək məqamlar ayrı-ayrı şəkildə ilk dəfə bu kitabda toplanıb.

Bəzi hallarda yeni nümunələr təqdim edilir. Eyni zamanda əhvalat və tərzə uyğun olaraq müəllifin sevdiyi yazar və şairlərin şeirləri, misraları, fikirləri də burada öz əksini tapıb.

Kitabın redaktorları akademik Muxtar Kazımoğlu və tənqidçi Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov, Cavid Zeynallı və Toğrul Mehdidir.

Müəllifi kitabı yazmağa ruhlandıran imzalar isə Xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli və Fərhad Təhməzlidir.

Qeyd edək ki, “Everest” nəşriyyat evindən çap olunan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Müəllif kitabın ön sözü kimi “Məni sevən oxucuma son hədiyyəm” başlığı altında aşağıdakı fikirləri oxuculara ünvanlayır:

“İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik.

Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.

Qranulanı əldə etməyin yolu Okkam ülgücünü işə salmaqdan keçib gedir. Odur ki, bu kitabı müəyyən mənada məhz Okkam ülgücünü işə salmanın nəticəsində yerdə qalmış kvintessensiyalardan ibarət və müəllifin özünün bütün bədii yaradıcılığı üçün cövhər saydığı bir mətn kimi də qəbul etmək olar.

On illər ərzində yazdığım mətnlərin hər biri, təbii ki, qələmə alınanda müxtəlif əhvalın və müxtəlif tövrlərin məhsulları kimi ortaya çıxmışdılar. Onları bir-birindən nəinki onillər, tamamilə əks əhval- ruhiyyələr, bəlkə də (təbii ki!) səviyyələr ayırmalı idi və ayırırdı. Ən azından onları bir-birindən müxtəlif məqsədlər və müxtəlif niyyətlər fərqləndirirdi. İndi isə onlar bir-birinin yanında Qazi Bürhanəddin demiş, "qədd tutub" durmuş doğma qardaşlar, bacılar kimidirlər. Doğrudan da, onlar dil açarkən məni aldatmamışdılar. Bu yeni, ancaq qranulalardan ibarət mətndə qəribə bir ecazla zühur etmiş yeni cazibəni və təravəti duymamaq mümkün deyildi. Mən bir daha inandım ki, ömrüm boyu sahəsindən, janrından, məzmunundan asılı olmayaraq bir əsər yazmışam. O əsərin də "ən ləyaqətli nümayəndələri" bu kitabda bir-birinin yanında yer alıb.

Mənə elə gəlir ki, bu qranulalar bir-birinin yanında dururkən təkcə özləri özlərini deyil, aid olduqları mətnləri də (istər şeir olsun, istər nəsr olsun) bir-birilə yaxın edə bildilər. Ən azından bu mənim üçün belədir. Oxucunu isə əgər bu qranulalar yol göstəricisi olaraq yenidən (və ya ilk dəfə) aid olduqları ilkin mətnlərə doğru yönəldə biləcəksə, məqsədə nail olunmuşdur, sanacağam.

Nəticədə, bir həqiqəti boynuma almalıyam. Bu kitabla janrını özüm üçün hələ də müəyyən edə bilmədiyim bir mətn yaranmışdır.

Bu janrı bəlli olmayan kitab kiməsə lazım olacaqdır, yoxsa yox, sualına cavab olaraq nə qədər qəribə səslənsə də belə deyəcəyəm: bilmirəm. Elə bu zaman kitabdakı qranulalardan biri yadıma düşdü: "bilmirəm" deyə bilənlərin buna səlahiyyəti olmalıdır.

Yox, yaxşısı budur, bura qədər yazdıqlarımı unudaq. Bu kitab məni sevən oxucuma qeyri-səlis məntiq dili ilə desəm, bəlkə də (hələlik) son hədiyyəmdir. Bu qədər. Ən doğru, dürüst qranula elə budur”.

Tehsil-press.az

Oxşar xəbərlər