"Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı" kitabı işıq üzü görüb

ADA Universitetinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə ithaf etdiyi “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı“ kitabı işıq üzü görüb. Akademik Kamal Abdullanın müəllifi olduğu kitabın ön sözünü ADA Universitetinin rektoru, professor Hafiz Paşayev yazıb.
Kitabda Azərbaycan, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışları, azərbaycançılığın bir məfkurə, siyasi hərəkat, mənəvi məkan kimi əhəmiyyəti barədə söhbət açılır, Azərbaycanın intibah və maarifçilik kimi tarixi dönəmlərdə bəşəriyyətə verdiyi töhfələr, XIX və XX əsrlərdəki “ilk dəfələri”, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin banisi kimi rolu işıqlandırılır.
Ön sözdə bildirilib ki, müstəqil Azərbaycan dövləti xalqımız üçün ən qiymətli və ali tarixi nailiyyətdir. Onun qorunması, möhkəmləndirilməsi özünü azərbaycanlı hesab edən hər bir insanın müqəddəs borcudur:
“Bu missiyanı təmin etmək üçün “azərbaycançılıq” ideologiyası təhsilimizin müxtəlif pillələrində öz əksini tapmalıdır. Belə fəlsəfədən irəli gələrək universitetimizin təşəbbüsü ilə 2014-cü ildən başlayaraq “Azərbaycanşünaslıq” fənninin tədris edilməsi başlandı. O zamana qədər tələbələrimizə milli kimliyin aşılanması həyata keçirdikləri çoxsaylı sosial məsuliyyət layihələri vasitəsi ilə öyrədilirdisə, “Azərbaycanşünaslığ”ın tədrisi bu sistemli yanaşmanı elmi baza ilə möhkəmlətdi. Bu fənni tədris edəcək müəllim kimi milli-mənəvi dəyərlərimizin toplusu və ədəbi fikrimizin zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı mütəxəssisi, bütün ədəbi və elmi əsərlərində dərin simvolik mənaları məharətlə və metodoloji şəkildə açan Kamal Abdullaya müraciət etdik. O, təklifimizi qəbul edərək bakalavr proqramının ilk ilinin tələbələri üçün “Azərbaycanşünaslıq” fənnində mühazirələr oxudu. ADA Universitetinin oxuculara təqdim etdiyi “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı kitabı həmin fənnin mühazirələri əsasında tərtib edilib”.
Xalq yazıçısı Kamal Abdulla isə “Müəllifdən” olan hissədə bunları yazır: “Mənə bu kitabda əks etdirdiyim fikirlərimi ADA Universitetinin tələbələri ilə bölüşmə fürsəti verdiyinə görə Universitetin rektoru görkəmli alim, elm qurucusu, diplomat, professor Hafiz Paşayevə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda mühazirələrimi yazıya çevirməkdə mənə kömək etmiş Universitet əməkdaşlarına minnətdaram. Əlbəttə ki, ADA Universitetinin tələbələri bu mühazirələri dinləyə-dinləyə öz sualları, təkliflərilə mənə əvəzedilməz dərəcədə faydalı oldular. Onlar da sağ olsunlar. Bu kitabı oxuyub fikrini mənimlə bölüşmək istəyəcək oxucular, arzu edirəm ki, bu istiqamətdə yazılan yazının ilk təcrübə olduğunu nəzərə alacaq və müəllifin yazdıqlarına mümkün qədər anlayışla yanaşacaqlar”.
Kitab “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

Tehsil-press.az



Oxşar xəbərlər