Vəzifəli şəxs doğum günündə faciəvi şəkildə ölüb - TƏFƏRRÜAT

Vəzifəli şəxs doğum günündə faciəvi şəkildə ölüb - TƏFƏRRÜAT Bu ilin 19 mart tarixində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş Vüqar Mikayılovun məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda 1972-ci il təvəllüdlü V.Mikayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, V.Mikayılovun “Kia Rio” markalı avtomobillə vurduğu 1966-cı il təvəllüdlü Teymur Daşdəmirov vəzifəli şəxsdir. “Bakı Metropoliteni”nin Yol xidmətinin 1 saylı Yol distansiyasının rəisi olan T.Daşdəmirovun həmin gün 58 yaşı tamam olubmuş. O, ad günü münasibətilə restoranda keçirilən məclisdə iştirak edib və gecə saat 23 radələrində aeroport şossesi kimi tanınan prospektin Milli Aviasiya Akademiyasının qarşısından keçən hissəsindən yolu keçmək istəyərkən bədbəxt hadisə ilə üzləşib.

Nəticədə ağır xəsarətlər alan T.Daşdəmirov hadisə yerində ölüb.

Keçirilən ekspertiza zamanı avtomobilin saatda 80 kilometr sürətlə hərəkət etməsi, sürücünün spirtli içki və ya narkotik vasitə qəbul etməməsi dəqiqləşib.

Həmçinin məlum olub ki, maşınla vəzifəli şəxsi vurub öldürən Vüqar Mikayılovun oğlu Fərid Mikayılzadə Vətən müharibəsi iştirakçısıdır və 5 medalla təltif edilib.

Vəzifəli şəxs heç vaxt ailə həyatı qurmadığından məhkəmə prosesində onun qardaşı zərərçəkmiş şəxs qismində tanınıb. T.Daşdəmirovun yaxınları qarşı tərəfdən şikayətçi olmadıqlarını bildiriblər.

Xəzər Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə V.Mikayılova 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib və barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, sözügedən qəza 19 mart tarixində saat 23:20 radələrində qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər