Pomidordan sonra növbə ətə çatdı

Pomidordan sonra növbə ətə çatdı Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət və ət hissələri ixrac edəcək.

Bununla bağlı Bakıda "Canet" MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlərlə bu istiqamətdə danışıqlar aparılıb:

“İmzalanan niyyət protokoluna əsasən, Vyetnam şirkətlərinin tələbatına əsasən Azərbaycandan ət ixrac ediləcək. İxracın həcminin illik 1 000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş ətlər hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil yolu ilə daşına bilər”.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin birinci yarısında Azərbaycandan Vyetnama 302 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 282 dəfə azalıb. Eyni zamanda, bu ilin iki rübündə Azərbaycan Vyetnamdan 63 milyon 386 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8 % azalma deməkdir.

Qeyd edək ki, ölkədə bu gün ət və ət məhsullarının qiyməti bahadır.

Ekspertlər onu da vurğulayır ki, ölkəmizdə heyvandarlıq zəif inkişaf edir. Hətta 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410. ton ət idxal olunub. Bu gün ölkəmizdə ət və ət məhsullarının qiymətinin baha olduğu, eləcə də ət idxal edən ölkə olaraq xaricə ixrac nə dərəcədə məqsədəuyğundur?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe info”-ya bildirib ki, əgər xaricdəki qiymət Azərbaycandan bahadırsa, əti ixrac etmək sərəflidirsə, bunu edəcəklər:

“Məsələn, bu gün ölkəmizdən digər məhsul - pomidor da ixrac olunur. Rusiyada pomidor Azərbaycandan bahadır. Ancaq ölkəmizdə son zamanlar pomidorun qiymətinin artmasının şahidi oluruq. Bu, onunla əlaqəlidir ki, Rusiyaya daha çox satılır. Eyni məntiq burada da işləyir.

Yəqin Azərbaycanda ixrac olunacaq ət bahadırsa, sərf edirsə, demək ki, ixrac olunacaq. Ancaq əsas məsələ odur ki, Azərbaycan heyvandarlıq potensialı geniş olan bir ölkədir. Buna baxmayaraq, ilbəil heyvandarlıq məhsullarının istehsalının, iribuynuzlu, xırdabuynuzlu mal-qaranın sayının azalmasını və qiymətlərin artmasını görürük”.

Ekspert qeyd edib ki, bu problemi aradan qaldırmaq üçün ciddi fəaliyyət proqramına, addımlara ehtiyac var”.

Tehsil-press.az

Oxşar xəbərlər