Bu şəxslərin namizədliyi ləğv oluna bilər! - XƏBƏRDARLIQ

Bu şəxslərin namizədliyi ləğv oluna bilər! - XƏBƏRDARLIQ Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq namizəd olmaq istəyənlərin müraciəti üçün nəzərdə tutulan müddət başa çatıb.

Gələn həftədən ölkədə seçkiqabağı təşviqat başlayır. Qanunvericilikdə seçkiqabağı təşviqata səsvermə gününə 23 gün qalmış icazə verilir. Seçkidən bir gün əvvəl və seçki günü isə təbliğat-təşviqat aparılması qadağandır.

Amma qeydə alınmış namizədlər içərisində Seçki Məcəlləsinin tələblərini pozaraq, vaxtından əvvəl təbliğat işlərinə başlayanlar var. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da xəbərdarlıq edib.

O bildirib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamalı deyillər: "Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”.

Belə olan halda qanunu pozan namizədləri hansı cəza tədbirləri gözləyir? Onların namizədliyi ləğv oluna bilərmi?

Modern.az-ın məlumatına görə, cəza tədbirləri qanun pozuntusunun növündən asılı olaraq dəyişə bilər.

Təşviqat qaydalarının pozulması hər bir hala uyğun özünəməxsus cəza tədbiri ilə nəticələnə bilər. Namizəd bilmədən hansısa qanun pozuntusuna yol verdikdə Dairə Seçki Komissiyası ona xəbərdarlıq edə bilər.

Amma həmin namizəd və ya onun səlahiyyətli nümayəndələri pozuntulara əhəmiyyət verməyib yenidən davam edirsə, DSK onun namizədliyinin ləğvinə belə qərar verə bilər.

Qanunu pozan namizədlər cinayət məsuliyyətinə belə cəlb oluna bilər.

Təşviqat Konstitusiya və digər qanunvericilikdə, həmçinin Seçki Məcəlləsində göstərilən qanun pozuntularını özündə əhatə edirsə, yəni zorakılığa, hər hansı dini, cinsi, irqi ayrıseçkiliyə yol verirsə, bu cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər.

Tehsil-press.az

Oxşar xəbərlər