BANM Özbəkistana ali təhsil proqramlarının ixracını genişləndirir

BANM Özbəkistana ali təhsil proqramlarının ixracını genişləndirir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba xanım Mustafayeva Özbəkistanın Buxara Mühəndislik - Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova ilə görüşüb.

Görüşdə Ziba Mustafayeva vurğulayıb ki, Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında ikili diplom proqramı layihələrinin reallaşdırılması Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində keçirilmiş 12-ci iclası zamanı razılaşdırılıb və həmin tarixdə SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında kadr hazırlığı üzrə imzalanmış Anlaşma memorandumunda nəzərdə tutulub. BANM artıq Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu ilə də bənzər layihəyə başlayıb. Həm Daşkənd Kimya Texnologiyası İnstitutu, həm də Buxara Mühəndislik-Texnoloji İnstitutu ilə BANM arasında əməkdaşlıqların qurulması Azərbaycan ali təhsil sistemində bir ilkdir və ölkəmizin ali təhsil proramlarının xarici ölkəyə ödənişli şəkildə ixracına xidmət edir. Artıq SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Özbəkistanın Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında ali təhsil proqramlarının ödənişli ikili diplom layihəsi əsaslnda həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən tələbələr təhsilin birinci ilini Buxara Mühəndislik-Texnoloji İnstitutunda, ikinci ilini BANM-də alacaqlar. Diplom müdafiəsi isə Bakı Ali Neft Məktəbində olacaq. Yekunda hər iki ali məktəbin diplomunu alacaqlar. SOCAR-ın vitse-prezidenti bildirib ki, qısa müddət öncə, iyul ayında Daşkənd şəhərinə səfərimiz çərçivəsində iki universitet arasında razılaşdırılmış əməkdaşlıq bu gün hüquqi qüvvəyə minir və Bakı Ali Neft Məktəbi ilə Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında Kimya mühəndisliyi ixtisasında magistratura səviyyəsində ikili diplom proqramı üzrə müqavilənin imzalanması baş tutub.

Görüşdə iştirak edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə bildirib ki, bu əməkdaşlıq qardaş Azərbaycan və Özbəkistan arasında təhsil, elmi-tədqiqat, mədəniyyət əlaqələrinin, qarşılıqlı mübadilələrin genişlənməsinə də mühüm töhfə verəcəkdir.

Buxara Mühəndislik-Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova isə görüşə görə minnətdarlığını bildirərək bu əməkdaşlıqdan məmnunluqlarını söyləyib.
Sonda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

Qeyd edək ki, bugünlərdə Bakı Ali Neft Məktəbi (BANM) ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında da kadr hazırlığı üzrə müqavilə imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər