İnkişaf, müxtəliflik və dialoq naminə təhsil

İnkişaf, müxtəliflik və dialoq naminə təhsil BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil” mövzusunda bölmə iclası keçirilib.
İclasın moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin İslam elmləri üzrə professoru Əbdüləziz Sachedina cəmiyyətin inkişafında təhsilin rolundan, müasir dövrdə təhsil sahəsindəki çağırışlardan söz açıb, bu çağırışların əksər ölkələrdə oxşar xarakter daşıdığını diqqətə çatdırıb. O, Qlobal Bakı Forumunun səmərəli müzakirələr və fikir mübadiləsi üçün əlverişli məkan olduğunu qeyd edib.
Bir sıra ölkələrdə insanların zorakı ekstremizmin qurbanına çevrildiyini söyləyən Ə.Sachedina təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlərdən söz açıb, bu istiqamətdə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinin, inkişaf, müxtəliflik və dialoq naminə təhsil ideyasının həyata keçirilməsi üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil qarşılıqlı anlaşma baxımından böyük əhəmiyyətə malikdir. Bu sahədə ardıcıl və qətiyyətli addımlar atmadan mədəniyyətlərarası dialoqa nail olmaq mümkün deyil.
Nazir ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlardan və bu sahəyə dövlət qayğısından ətraflı söhbət açıb. Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində çox böyük işlərin görüldüyünü vurğulayan M.Cabbarov bildirib ki, son 10 ildə minlərlə azərbaycanlı gənc dünyanın ən yaxşı universitetlərində təhsil almağa göndərilib. Ölkəmizdə təxminən dörd min xarici tələbə təhsil alır. Bu, təkcə təhsilə deyil, həm də mədəniyyətlərarası dialoqa, dəyərlərin mübadiləsinə töhfə verir. Qızların təhsili də çox vacib məsələdir. Təxminən yüz il əvvəl azərbaycanlı milyonçu, messenat Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini tikdirib. O deyirdi ki, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanırsınız. İnanırıq ki, təhsilli gənc yaxşı valideyn, vətəninə xidmət edən yaxşı əsgər olacaq. Hər şeydən əvvəl isə millətinin gələcəyi üçün düzgün qərarlar verə bilən vətəndaş olacaq.
AFS Mədəniyyətlərarası Proqramının baş icraçı direktoru Vinçenso Morlini bu proqramın əhəmiyyətindən, onun gənclər üçün yaratdığı imkanlardan danışıb. Bildirib ki, AFS Proqramı təhsil metodologiyası əsasında hazırlanıb və tələbələrə təhsil təcrübələrini dünyada yaymaq imkanı verir. Proqram müddətində müsbət dəyişikliklərə nail olunduğunu söyləyən V.Morlini deyib ki, təhsil ən güclü silahdır. Biz bu silahla dünyanı dəyişə, Yer üzündə sülhü bərqərar edə bilərik.
İspaniya Xarici İşlər Nazirliyində Sivilizasiyalar Alyansının səfiri xanım Belen Alfaro Hermandez Bakı Forumunun yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Oxşar problemlərin mövcudluğunu və səmərəliliyin artırılmasına olan ehtiyacı nəzərə alaraq, müxtəlif ölkələrin təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edən ispaniyalı qonaq deyib ki, təhsil sahəsində ən yaxşı təcrübələrdən ibarət məlumat kitabçası çap olunmalıdır. Sivilizasiyalar Alyansı bunu həyata keçirə bilər. Bu təcrübələr çox sadə, lakin olduqca əhəmiyyətlidir və bunun üçün maliyyə vəsaiti tələb edilmir. Belen Alfaro Hermandez qeyd edib ki, bu gün təhsildə vətəndaşların iştirakı çatışmır. Biz vətəndaşları dialoqa dəvət etməliyik. Bu yolla ekstremizmin qarşısını almaq mümkündür.
İnsan İnkişafı üzrə Beynəlxalq İnstitutun prezidenti xanım Emna Jeblaoui qeyd edib ki, biz cəmiyyətdə yeniyetmələrdən ibarət qrupların olduğunu bilirik. Onlar çox vaxt zorakı ekstremizmə meyil edirlər. Bu problemin həll olunması, yeniyetmələrin cəmiyyətə inteqrasiyası üçün proqramlar hazırlanmalıdır.
Tanenbaum Dinlərarası Anlaşma Mərkəzinin baş icraçı direktorunun müavini Mark Faulerdeyib ki, biz dini reallıq kimi təqdim edirik. Bu, insanların seçimidir və əsrlər boyu davam etdirilib. Lakin bu seçimin qorxulu tərəfləri də var. İnsanlar dini etiqadlarına görə daim qorxu keçirirlər. İşdən qovulacaqlarını, təhdid olunacaqlarını düşünürlər. Zənnimcə, biz hər şeydən öncə, özümüzü dərk etməliyik. Məktəblərdə din haqqında, ekstremizm, zorakılıq barədə düzgün məlumatlar verilməlidir.
İndoneziyanın Qaca Mada Universitetinin Dinlər və Mədəniyyətlərarası Elmlər Mərkəzinin icraçı direktoru Zainal Abidin Bagir belə mötəbər tədbirə dəvət olunduğu üçün minnətdarlığını bildirib, Forumun panel iclaslarında çox əhəmiyyətli məsələlərin müzakirə edildiyini söyləyib. O, təhsil vasitəsilə ekstremizmin qarşısının alınmasının mümkünlüyünü qeyd edərək vurğulayıb ki, məktəblərdə bununla bağlı vacib mövzuları tədris etməklə nailiyyət qazanmaq olar.
Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

İnkişaf, müxtəliflik və dialoq naminə təhsil

tehsil-press.az

Oxşar xəbərlər