“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən

“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən Gürcüstanda gedən deputatlıq davasına baxıram, yadıma bu xüsusda rusların icad etdiyi bir zarafat düşür. Onu bütün ölkələrə şamil etmək olar. Deyir, respondentlər arasında sorğu keçirib, “maaşınızdan razısınızmı” sualı qoyublar, suala cavab verənlərin 99 faizi – yəni 448 adam “bəli” deyə cavab verib, həmin gün cəmi 2 deputat parlamentə gəlməyibmiş.

Zarafatın mənası odur ki, istənilən ölkədə deputatlar bəlkə də yeganə qrupdur ki, maaşlarından narazı deyilllər. Yox, elə işlər var ki, onda çalışanlara illərlə maaş verməsələr də bir dəfə “mıkk” eləyib maaş davası eləməzlər, başlarını aşağı salıb işləyərlər. Amma elə iş də hər adama qismət olan şey deyil.

Elə bizim deputatlarımız da maaşlarından razıdır. Narazı olan kimi qaldırırlar. Olsa-olsa, bəlkə Erkin Qədirli narazılıq edər, o da maaşın azlığından-çoxluğundan yox, deyər ki, ölkə insanlarının maaşları arasında disbalans var, korrelyasiya kriteriyaları absurddur. Bəlkə də daha qəliz deyər.

Amma gürcülərin deputat mandatı uğrunda indiki süpürləşməsi maaş və dolanışıq üçün deyil, hakimiyyət davasıdır. Çünki o ölkədə hansı siyasi qüvvənin deputatı çox olsa, ölkəni də o becərir, baş nazir seçir, nazirlər təyin edir, tender işlərinə özü baxır, təndirə çörək yapır, tərəfdarlara gün ağlayır, əleydarların anasını ağladır və sair və ilaxır.

Proporsional seçkinin müsbət tərəfi budur ki, deputatları iki dəfə seçirlər – birinci dəfə onlar partiya özü seçib qabağa verir, ikinci dəfə xalq o namizədlərdən ibarət partiyanı seçib parlamentə göndərir.

25-30 il qabaq bizdə də qismən belə bir qayda vardı, sonra ləğv elədilər. Sərfəli olmadı. Süpürləşmə düşürdü. İndi yaxşıdır. Hərçənd deputatlığa namizədləri yenə partiyalar seçir, sonra xalq hamısına tək-tək səs verir. Nəticədə dava-dalaş olmur. Bu il cəmi 1 dairədə qanqaraçılıq oldu, onu da ötüşdürdülər, getdi.

Amma proporsional seçki qaydasının yekə bir minusu var: partiya birini seçir, namizəd təyin edir, öz nüfuzu hesabına adamı seçdirir, adam deputat olub deputatlara qoşulur, 1-2 ildən sonra deyir, mən bu partiyadan çıxıram, o biri partiyaya keçirəm. Təsəvvür edin, cəmi 5-6 deputat elə etsə, seçki birincisi və ya ikincisi olan partiya seçki üçüncüsü ola, hakimiyyətini itirə bilər.

Ona görə də Rusiyanın Dövlət Dumasının deputatı Sergey Mironov təklif edib ki, partiyasını dəyişmək istəyən deputat avtomatik olaraq mandatından məhrum olunsun. Mironov hesab edir ki, bu partiyanın siyahısında yer alıb, seçilən şəxs sonradan başqa partiyaya keçib onu gücləndirə bilməz.

Rəsul Quliyev 1995-ci il #resul #resulquliyev #siyasət #siyaset #dikt... | TikTok

Yadıma düşür ki, ötən əsrin 90-cı illərinin axırında bizdə də elə bir haqq-hesab olmuşdu. Rəsul Quliyev parlament sədrliyindən istefaya və Amerikaya gedəndən bir müddət sonra partiya təsis edəndə keçmişdə deputat seçdirdiyi adamları öz partiyasına dəvət etmişdi, onların da bir qismi dəvəti qəbul edib ADP-yə gəlmişdilər. Adamlar bir-iki günün içində iqtidar deputatlığından çıxıb müxalifətçi deputat olmuşdular və bu hakim partiyanın xoşuna gəlməmişdi.

İndiki cavanlar bilməz, ölkədə vay-nöfsə qopmadımı? AzTV-də nə qədər səyyar kamera və mikrofon vardı, hamısını Biləsuvara və Şəmkirə göndərmişdilər. Bu rayonlarda partiyalarını dəyişmiş Akif Şahbazov və Mahir Əsədova qarşı mitinqlər keçirilirdi və o mitinqlərdən 1 saatlıq videoreportajlar verilirdi. Çıxış edənlər deputatları xəyanətdə suçlayırdılar. Hər bir natiq çıxışını başa çatdırandan sonra camaat Şahbazovla Əsədovun ünvanına xorla “Ar olsun” qışqırırdı. Bu xəyanətə görə kövrəlib ağlamsınanlar, hiddələnərək özünəqəsd həddinə çatanlar vardı. Hətta çıxış edənlərdən biri “bir həftədir ərimin üzünə baxa bilmirəm” deyib camaatı mat qoydu, amma belə anlaşıldı ki, bu şəxsin deputatla ailəvi yaxınlığı olub, indi arada ciddi pərtlik var.

O haqq-hesab təxminən 15 gün davam etdi. Adı çəkilən rayonlarda bir əmək kollektivi qalmadı ki, “xəyanət etmiş” deputatları lənətləməsin. Amma axırı yaxşı qurtardı, nə özünü, nə də “xain deputatlar”ı vurub öldürən olmadı. Heç onları geri çağırmaq təşəbbüsü də göstərilmədi. Onlar da axıra qədər deputat maaşlarını aldılar.

Hazırda qonşumuz gürcülərin apardığı mandat davası adamın yadına bu cür həzin xatirələri salır. İstəyirsən, mesaj yazasan ki, pələng dərisi geyməyə ehtiyac yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər