BDU tələbələri Milli Gənc Tamaşaçılar Teatrında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını ifa ediblər

BDU tələbələri Milli Gənc Tamaşaçılar Teatrında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını ifa ediblər Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə BDU tələbələri Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını ifa ediblər.

Səhnə əsəri BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 50 illik yubileyinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl BDU THİK-in sədri Zöhrab Cavadzadə təşkilatın fəaliyyətindən, gənclərin təhsil və sosial fəaliyyətlərinə dəstək olmaq üçün həyata keçirilən layihələrdən söz açıb.

Daha sonra tamaşa nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın aktyoru Vahid Orucoğludur.

“Müsyö Jordan və dərviş Məstəli şah”da rolları BDU-nun tələbələri Tural Behbudov, Kənan Neymətzadə, Ülviyyə Orucova, Ramazan Ramazanzadə, Hüseyn Cabbarlı, Nərmin Zeynalova, Mehriban İbrahimli, Üzeyir Kərimov və Səkinə Məmmədova canlandırıblar.

Tamaşada hadisələr Azərbaycanın Qarabağ bölgəsində cərəyan edir. Fransadan Qarabağa qonaq gələn Müsyö Jordan ölkəsinə qayıdanda gənc Şahbazı da özü ilə aparmaq qərarına gəlir. Lakin bu arzunun qarşısını almaq istəyən Şahbaz bəyin nişanlısı və əmisi arvadı müxtəlif yollarla onu bu istəyindən daşındırmağa çalışırlar.

Tehsil-press.az

Oxşar xəbərlər