Los Ancelesdə Azərbaycana dair kitabça nəşr olunub

Los Ancelesdə Azərbaycana dair kitabça nəşr olunub Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los Ancelesdə Azərbaycana dair kitabça nəşr edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Tehsil-press.az-a verilən məlumata görə, "Azerbaijan: Land of Hope, Tolerance and Inspiration" adlı kitabçada Azərbaycanın zəngin musiqisi və mədəniyyəti, tarixi, güclü tolerantlıq və multikulturalizm ənənələri, iqtisadi inkişafı, enerji siyasəti, diplomatiyası və turizm potensialı haqda oxuculara məlumat verilir.
Kitabçada Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil dövlət kimi inkişafı, əldə etdiyi uğurlar və regionun lider dövlətinə çevrilməsi qeyd olunur. Nəşrdə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol vurğulanaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmindən, "Cənub Qaz Dəhlizi" layihəsinin istehsalçı, tranzit və istehlakçı ölkələrə verəcəyi uzunmüddətli faydalardan bəhs olunur.
Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən də danışılır.
Azərbaycanın zəngin mədəniyyətinin konkret faktlarla işıqlandırıldığı kitabçada, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin qorunmasında, təbliğində və dünyada tanıdılmasında oynadığı önəmli rol qeyd olunur.
Nəşrdə, həmçinin dövlət tərəfindən təhsil sahəsinə və sosial innovasiyalara göstərilən yüksək diqqət nəzərə çatdırılır. Bu qəbildən, Azərbaycanda 2004-cü ildən bəri 3000 yeni məktəbin tikilməsi və bütün regionun ən güclü universiteti olan ADA Universitetinin təhsil sahəsində əldə etdiyi uğurlar barədə söhbət açılır. Həmçinin, "ASAN Xidmət" mərkəzlərinin dövlət idarəçiliyində şəffaflığın yaradılmasında oynadığı mühüm rol vurğulanaraq, "ASAN Xidmət" təcrübəsinin digər ölkələr tərəfindən də öyrənildiyi bildirilir.
Nəfis şəkildə tərtib olunmuş kitabçada mövzulara uyğun rəngarəng fotoşəkillər də öz əksini tapıb. Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, biznes dairələrinə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.


Tehsil-press.az

Oxşar xəbərlər