BDU KOBİA-nın 5-ci qrant müsabiqəsinin qalibi olan “Clean-Charge” layihəsi ilə COP29-un Mavi zonasında təmsil olunub

BDU KOBİA-nın 5-ci qrant müsabiqəsinin qalibi olan “Clean-Charge” layihəsi ilə COP29-un Mavi zonasında təmsil olunub Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibovun Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş 5-ci qrant müsabiqəsində qalib olan “Clean-Charge– 22 kWh AC sürətli şarj stansiyası” layihəsi COP29-un Mavi zonasında keçirilən “Biznes, İnvestisiya və Xeyriyyəçilik üzrə İqlim Platforması”nda təmsil olunub. Tədbir dayanıqlı inkişafı dəstəkləyən iqlim həllərini sürətləndirmək, iqlim və təbiət üçün çoxtərəfli strategiya, eləcə də planetimizin və ətraf mühitin gələcəyinə sərmayə qoyulması üzrə mövzuları əhatə edib. Tədbir zamanı elektromobillər tərəfindən istifadə olunan elektrik enerjisinin elektrik stansiyalarında istehsalı zamanı təbiətə buraxılan karbon qazının miqdarının azaldılması, bu prosesdə təmiz enerjinin istifadəsi mövzularında müzakirələr aparılıb.

“Clean-Charge” layihəsinin əsas məqsədi elektrik mənbəyi olmasa belə, “yaşıl enerji” hesabına elektromobillərin sürətli şarjının təmin olunmasıdır. Bu məqsədlə yaradılacaq şarj stansiyası təqdim etdiyi özəlliklər ilə sürücülərin yaşadığı bir çox problemləri həll edəcək. Elektromobilləri ev şəraitində, şəhərdaxili, şəhərlərarası yollarda və elektrik xətləri olmayan ərazilərdə sürətli şarjla təmin edə bilən bu sistem daha əlçatan, təhlükəsiz, təbiətin və büdcənin “dostu” olacaq.

Qeyd edək ki, bu ilin dekabr ayında “Clean-Charge - 22 kWh AC” sürətli şarj stansiyasının BDU-nun avtomobil dayanacağında quraşdırılması nəzərdə tutulub. Günəş və külək enerjisi istifadə olunan və ümumi gücü 22 Kilovatt-saat olan bu stansiyada Çin, Avropa və Amerika istehsalı elektromobillərin şarj standartlarını dəstəkləyən GBT və CCS2 versiyalı 3, elektrikli velosiped və skuterlərin şarjını təmin edən 2 ədəd şarj portları yerləşdiriləcək.

“Clean-Charge” ilə elektromobillərin və elektrikli velosipedlərin şarj edilməsi BDU-nun müəllim və tələbələri üçün ödənişsiz olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər