“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsi başa çatıb

“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsi başa çatıb Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşündə növbəti – dördüncü mərhələyə yekun vurulub.

Tehsil-press.az xəbər verir ki, yarışın kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan dördüncü günündə iştirakçılar saat 10:30-da Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüblər və 115,3 kilometr məsafə qət etdikdən sonra Vergilər Nazirliyinin Pirquludakı Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.
Marşrutu 2 saat 54 dəqiqə 35 saniyəyə başa vuran Birləşmiş Ərəb Əmirliklərinin “NASR Dubai” komandasının italiyalı üzvü Luka Vakerman finişi onunla eyni vaxtda keçən 3 nəfərlik kiçik qrupda hamını qabaqlayıb. İkinci yerə Qazaxıstanın “Astana City” klubunun üzvü Nikita Stalnov layiq görülüb. İlk üçlüyü isə Portuqaliyanın “Tavira” komandasının italiyalı velosipedçisi Rinaldo Noçentini tamamlayıb.
“Synergy Baku”nun üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 19-cu, Kiril Pozdnyakov 22-ci, Matey Müqerli isə 26-cı olub.
Dörd mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini Avstriyanın “Felbermayr - Simplon Wels” klubunun üzvü qazanıb. İkinci və üçüncü mərhələlərdə finişi ikinci keçən, bu dəfə isə dördüncü nəticə göstərən Markus Eybeger ələ keçirib. Bu siyahıda “Synergy Baku” üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 13-cü, Kiril Pozdnyakov 15-ci, Matey Müqerli isə 20-cidir.
Ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə “NASR Dubai” komandasının italiyalı üzvü Luka Vakerman yiyələnib. Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyini özündə saxlayıb. Qazaxıstanın “Astana City” klubunun üzvü Nikita Stalnov isə ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyinə layiq görülüb.
Dördüncü mərhələdən sonra komanda hesabında “Synergy Baku” ikinci yerdədir. Komandamız ilk pillənin sahibi, Avstriyanın “Felbermayr - Simplon Wels” klubuna 1 dəqiqə 21 saniyəlik fərqlə uduzur.
Bu mərhələnin qaliblərinə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təqdim ediblər.
Sabah – mayın 8-də “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün sonuncu mərhələsi keçiriləcək. Start və finiş nöqtəsi Azadlıq meydanında olacaq beşinci mərhələ saat 10:30-da başlanacaq və iştirakçılar paytaxt Bakının küçələrində 158 kilometr məsafə qət edəcəklər.

“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsi başa çatıb“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün dördüncü mərhələsi başa çatıb

Tehsil-press.az

Oxşar xəbərlər