
(26.01.1955 – 24.03.2009)
Sən adını qoru,
Ömür Allahındır.
Zaman-zaman əsrlərin, qərinələrin o üzündən üzü bəri əsrarəngiz nizamlı söz–şeir duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini poetik süzgəcdən keçirərək, “məndə mənini” arayıb. Mənəviyyat dünyamızın tükənməz enerji mənbəyi olan sözün işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə. Bu yolun yolçusu, dünyaya gəlişinin 70 illik zaman məsafəsini özü ilə yox, Sözü ilə birgə qarşıladığımız Akif Məhərrəmovun sözünün işığında bəzi məqamlardan söz açmaq istərdim.
Şeiriyyəti poetik fikrimizin, bədii düşüncəmizin işığını daha da gurlaşdıran unudulmaz şair Akif Məhərrəmov cismən aramızda olmasa da, onun poetik sözü bu gün də qəlbə hərarət, düşüncəyə parlaqlıq gətirmək iqtidarındadır.
Akif Hüseynqulu oğlu Məhərrəmov 1955-ci il yanvar ayının 26-da Qazax rayonunun Bəyazatlı kəndində (indiki Ağstafa rayonunun Yuxarı Göycəli kəndi) anadan olub. 1972-ci ildə kəndlərindəki orta məktəbi, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki İnşaat Mühəndisləri Universiteti) bitirmişdir. Müxtəlif idarə və müəssisələrdə təmir- tikinti sahəsində usta, iş icraçısı, mühəndis və müdir qismində çalışıb. Sahibkarlıq fəaliyyətiylə məşğul olub.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Akif Məhərrəmov ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Sən adını qoru, ömür Allahındır”, “Əzizim, yolum haqqa...”, “Tale deyən bu dünyada nə var ki...”, “Nə mən dünyadayam, nə dünya məndə”, “Yaşadım, yazdım”, “Qonaq elə zamanına” və dünyasını vaxtsız dəyişmiş (24 mart 2009-cu il) şairin anadan olmasının 55 illiyinə həsr olunmuş, ilk kitabının adını daşıyan “Sən adını qoru, ömür Allahındır” (2010) adlı kitabları işıq üzü görüb.
Akif Məhərrəmov şeirlərinin birində yazır:
Akif, zəngin, ya da fəqir,
Vaxtı çatar köçər bir-bir.
Saxlayan yox, etmə fikir,
Təbilini çalan ömrü.
...Bir həqiqət də danılmazdır ki, böyük soz ustadı Səməd Vurğun demiş “Deyilən söz yadigardır”. Necə ki Akif Məhərrəmovun sözü bizlərə yadigardır.
Akif Məhərrəmovun ədəbi yaradıcılığı istər forma, istərsə də məzmun baxımından zəngin və rəngarəngdir. Şairin əngin məna dərinliyi, zəngin forma genişliyinə malik olan ədəbi irsinin (ustadnamələr, divanilər, təcnislər, qoşmalar, cığalı qoşmalar, gəraylılar, qəzəllər, deyişmələr, dodaqqaçdılar, aforizmlər və s.) “rəngi” və “ətri” təbiidir. Bu təbiilik onun xislətindən, həyat qayəsindən qaynaqlanıb.O, nə yazıbsa, yaşantıdır.
Bu keyfiyyətlər Akif Məhərrəmovun bayatılarında da öz parlaqlığı ilə təzahür edir.
Əzizim, dərd boy atdı,
Uzandi dərd, boy atdı.
Sevincim təzə-tərdi,
Kədərim sərt, boyatdı.
Bir yazımda- “Şair ömrü-bayatı sədası” ında qeyd etdiyim kimi Akif Məhərrəmovun yaradıcılığı ovqat və mövzu aspektindən nə dərəcədə əlvandırsa, poetik fikir, hiss və düşüncələri də bir o qədər rəngarəng və səmimidir.
Şair ədəbiyyatımızda bayatı formasında yazan Sarı Aşıq, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlının yolunu öz bayatı çələnği ilə bəzəyir, bayatı naxışına öz ilmələrini vurur.
Əzizim, kömür qalar,
Od yanar, kömür qalar.
Yaxşılar köçüb gedər,
Yenə də ömür qalar.
Obrazlı düşüncə, şeirlərinin bədii təsvir və ifadə əlvanlığı, zamanla səsləşən mövzuların seçimi və onların yüksək poetik vüsətlə işlənməsi, həqiqətən də onun yaradıcılığının sənətkar, vətəndaş məziyyətlərini təqdim etməklə yanaşı, parlaq istedadının təbii imkanlarını da üzə çıxarır.
Əzizim, qara qaldı,
Dağ-daşım qara qaldı.
Vətənin əsirliyi,
Qəlbimdə yara qaldı.
Akif Məhərrəmovun istənilən bayatısı onun poetik istedadının aynasına çevrilir; dərin poetik ümumiləşdirmə bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin bədii-fəlsəfi məfkurəsi bu aynada aydınlığı ilə görünür.
Əzizim, eldən gələr,
Yaxşı ad eldən gələr.
Oğulu ana doğur,
Qeyrəti beldən gələr.
Yaxşı adın eldən gəlməsi (hər kəsi əməlləri müqabilində dəyərləndirmə), qeyrətli oğulun əsilə bağlı olması qənaətində olan şair “Ot kökü üstə bitər” el deyiminə dayaqlanır və başqa bir bayatıda bu fikri bir daha təsdiqləyir:
Əzizim, belə bağlı,
Kəməri belə bağlı.
Övladın qeyrəti də
Gəldiyi belə bağlı.
Akif Məhərrəmovun bayatılarında həyat və cəmiyyət haqqında fikir və hisslər obrazlı təfəkkürün məxsusi, özəl cizgiləri ilə təqdim olunur; vətən eşqi, məhəbət, gözəllik, təbiət tərənnüm edilir.
Mən aşıq, qoşa dağlar,
Gəlirsən xoşa, dağlar.
İlhamı səndən aldım,
Vermədim boşa, dağlar.
Şeiriyyətin nuruna boyandıqca duyğulana-duyğulana, Şərqin poeziya aləmində yüksək zirvələrdən birini fəth edən Saib Təbrizinin “Hər sözümüz od və suyun möhürüdür” deyimi yada düşür. İqtibas etdiyim bu fikrin təsdiqi elə A.Məhərrəmovun “yol” məfhumuna poetik baxışında da ehtiva olunur.
Əzizim, yoldu gedər,
Uzanar yoldu gedər.
Ömürdən tələs kam al,
Demə ki, boldu gedər.
Əzizim, yola sığmaz,
Yollar var yola sığmaz.
Mərd igid tayın tapsa,
Gücləri qola sığmaz.
Həssas sənətkar qəlbi ilə isinmiş, duyğulara bələnmiş, zəka ilə cilalanmış Akif Məhərrəmov poeziyasında tükənməz ümid, poetik işıq vardır.
Akif Məhərrəmovun vətənpərvərlik lirikası bütöv Azərbaycanımıza olan hədsiz sevgidən, torpağa, yurda bağlılıqdan qaynaqlanır. Bu sevgi misra-misra, söz-söz onun bütöv poeziyasına sirayət edib.
Vətən, torpaq qeyrətini çəkməyən,
Bu torpağa bircə ağac əkməyən,
Dar günündə bir quş kimi səkməyən
Geci-tezi gələcəkdir lənətə.
Vətənə layiqli övlad olmağı təlqin edən bu misralar unudulmaz şair Akif Məhərrəmovun müəllifi olduğu “Qayıt, Vətən oğlu” adlı şeirdən iqtibasdır.
Ədəbi irsi istər forma, istərsə də məzmun baxımından zəngin və rəngarəng olan Akif Məhərrəmovun baş mövzuları sırasınada “vətən” xüsusi yer tutur. Təbii ki, bu cəhəti səciyyələndirən əsasən şairin vətəndaşlıq qayəsi və ədəbi xislətidir. Məhz bu prizmadan yanaşmaqla bəzi məqamlardan söz açmaq istəyirəm.
Qəlb döyüntüm doğma Vətən,
Güc gələrmi sənə yetən?
Bir gün Akif köçsə səndən,
“Döz”- deyəcək dərdə, sənə...
Vətən məhəbbətini XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğun belə səciyyələndirir: “İnsan hissləri içərisində ən müqəddəs, əbədi, tərəqqi və inkişafa təkan verən amillərdən biri, bəlkə ən mühümü vətənpərvərlikdir. Vətən məhəbbəti insanın həyat nəfəsidir”.
Akif Məhərrəmovun şeirlərindəki “həyat nəfəsi” mənsub olduğu kökə bağlılıq təzahürütək üzə çıxır.
Akif, sən Vətənə, həm də xalqına
Gərəkli oğulsan, özünü qoru.
Tez seçə bilirsən yaxşını pisdən,
O göz lazım olar, gözünü qoru.
Müəllif ləyaqətli vətən övladlarının vətəni qoruması naminə onların özünün qorunmasının gərəkliyini önə çəkir. Vətən köynəyindən keçən oğullar vətənin qoruyucusudur. Dilimizdəki “Vətən sevgisi imandandır” sözü, bu baxımdan son dərəcə mənalıdır və mədəniyyətimizə xas bir anlayışdır.Akif Məhərrəmov yazır:
Torpağın ağası – onu əkəndir,
İxtiyar sahibi – qeyrət çəkəndir...
Akif Məhərrəmovun poetik istedadının aynasına çevrilən, dərin poetik ümumiləşdirmə bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin bədii-fəlsəfi məfkurəsini özündə əks etdirən bayatı yaradıcılığında da vətən mövzusu özünəməxsusluğu ilə diqqət çəkir.
Əzizim parçalandı,
Torpağım parçalandı.
Qoy düşmən düşünməsin,
Millətim alçalandı.
Əzizim əyirməyə.
Yunum yox əyirməyə.
Qıratım nəyə lazım,
Yurd yoxsa səyirməyə?
Əzizim hanı yollar,
İz itib, hanı yollar?
Yurd bizim, qurban gərək,
İnanca hanı yollar?
“İz itib, hanı yollar?”- deyən şair heç də bədbimləşmir və bu yolda özümüzün – özümüzə arxalanmağımlızı, özgədən aman olmadığını, qurtuluş yolunun öz gücümüzə dayaqlandığını söyləyir:
Əzizim yurd içində,
Var mərəz yurd içində.
Özgədən aman yoxdur,
Gücü gəz yurd içində.
“Müqəddəs torpaq-mübarək qədəm” publisistik yazımda qeyd etdiyim kimi bu da bir həqiqətdir ki, müqəddəslər sırasında, vətəndaş ünvanı olan Vətən ilkin olaraq hər kəsin doğulduğu, boya-başa çatdığı doğma yurddan, eldən, obadan başlayır. Bu əzəlilikdə bir paklıq, bir saflıq durur. Ömür pillələri artdıqca bu paklığı, saflığı cilalayan gizli bağlar insanın bütöv varlığına hakim kəsilir. Ilkin qədəm basdığı torpağa ruhunu pərvazlandırır... Əzələ! İllah da bu işıqlı dünyaya göz açdığın torpaq-ocaqdan uzaq olanda ... Görünür, bu da bəndənin Tanrısına dönüş məqamına yaxınlıq nişanəsidir. Bu müqəddəs duyğular Tanrının hökmüylə canımıza-qanımıza hopan “qayıdış“ işartısıdır.
İlahi kəlamın cazibəsinə düşürəm: ”Torpaqdan yaratdı Adəmi Allah. Sonra “Ol”-dedi ona, torpaqdan var oldu o ”. (Qurani -Kərim, Əl-i İmran surəsi, ayə 59)
Yağı düşmənin qəsbkarlığına qarşı çağırış edən müəllif yazır:
Akif, danışmaqla dərd bitən deyil,
Vətən oğulları gəzməsin veyil...
Ay qağa, ay qədeş, sən kefli ceyil,
Ulduzu görməsə, ilan can vermir.
“Külümüz sovrulmuş, közümüz sönmüş...”- deyən şair başqa bir şeirində isə “dilinə köz olan” Vətəni darda qoymamaq üçün səfərbər olmağa səsləyir.
Ah, necə dözəsən, haqsız zülmə?
Hər gün rast gəlirsən vaxtsız ölümə.
Köz düşür “Vətənim” deyən dilimə,
Qoyma onu darda, şikayət etmə...
Bəlli bir həqiqəti xatırlatmaq yerinə düşər: “Ana” və “Vətən”! Bu iki kəlmənin birləşməsindən yaranıb “Ana Vətən” kəlməsi. Vətən dünyaya göz açıb boya-başa çatdığımız, havasını udub, suyunu içdiyimiz totpaq, ulularlmızın uyuduğu məkandır. Vətənin şərəfi ananın şərəfidir. Bu fikir fonunda A.Məhərrəmovun “Yalvarma yadlara, yalvarma, ana” şeiri mənəvi dəyərlər, milli kimlik kontekstində qabarıq və yüksək hiss-həyacanla təsvir edilir. Ehtiyac ucbatından əcnəbiyə əl açmağa məcbur olmuş yaşlı qadına-anaya ünvanlanmış şeirdə bir məqama diqqət edək:
Qurban getməliydim torpağa, daşa,
Nəmli gözündəki qəmli baxışa.
Gündə yüzcə kərəm dönüm başına,
Yalvarma yadlara, yalvarma, ana!
Əymə qürurunu, qurbanam sənə.
Akif Məhərrəmovun vətən ünvanlı duyğuları müstəqil Azərbaycanımızın bütövlüyü uğrunda, onun ucalığı, müqəddəsliyi keşiyində qələmiylə müsəlləh əsgər olan bir söz adamının, fikir daşıyıcısının milli varlıq ləyaqəti, Azərbaycançılıq qayəsini özündə ehtiva edir. Bu, unudulmaz şairimizin ədəbiyyatımızda həyat nəfəsidir. Nə qədər ki, Azərbaycan var, milli ruh yaşayır, Akif Məhərrəmovun da vətən ünvanlı şeirləri-həyat nəfəsli və yaşantılıdır.
Akif Məhərrəmovun sözünün sehrinə bələndikcə, əminliklə demək olur ki, çağdaş ədəbiyyatımızın poeziya rəngarəngliyində özünəməxsus çaları oaln Akif Məhərrəmovun ədəbi irsi zaman-zaman poeziyasevərlərə xoş duyğular bəxş edəcək, ürəkləri riqqətə gətirəcək və bu ədəbi örnəkləri ruhumuzun təsəllisi, mənəvi dünyamızın aynasıtək hər nəsil öz ruhunda yaşadacaq.
Tapdıq ƏLİBƏYLİ
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü
Tehsil-press.az