SÖZÜN ÇALARLARI SÖZÜN RƏNGİDİR

SÖZÜN ÇALARLARI SÖZÜN RƏNGİDİR Şair-publisist Tapdıq Əlibəylinin “Söz dərgahına merac” kitabdakı eyniadlı şeiri oxuduqca müəllifin çoxəsrlik zəngin şifahi xalq ədəbiyyatı janrlarından tutmuş klassik ədəbiyyatımıza, açıq yaradıcılığına qədərki poetik janrlara kimi hamısını birər-birər dilə gətirməklə onların hər birini söz dərgahına söz ilə edilən merac kimi səciyyələndirməsi bir şair kimi Tapdıq Əlibəylinin həm də bir ədəbiyyat bilicisi olduğunu gösərməkdədir.

Söz mülkündə “layla” əzəli qala,
Beşikbaşı nurdur sabahkı yola.
Ananın balaya çaldığı layla
Meracdır söz ilə söz dərgahına.


Burada folklorumuzun ilkin janrlarından olan laylaya şairin poetik poetik ovqatla dəyər verməsi göz qabağındadır. Layla söz mülkünün əzəli, möhtəşəm qalası kimi vəsf edilir, ananın beşik başında hələ dilbilməz-sözanlamaz körpəsinə ilahi təsir vasitəsi kimi məhz layla çalmaqla ovundurub-sakitləşdirməsini söz dərgahına söz (layla hikməti) ilə yetişmək çaları verir. əgər bu bənddə Tapdıq Əlibəyli folklorumuzun qüdrətini əks etdirirsə, aşağıdakı bənddə isə folklorla yazılı ədəbiyyat arasınada ortaq kəsişmə nöqtəsi sayılan aşıq şeri şəkillərinin ecazkar siqlətindən bəhs edir:

“Cığalı”, “qıfılbənd” şəfəq xəyallı,
“Dodaqdəyməz” şehli quzey boyalı,
Sevgidən yoğrulan təcnis, gəraylı,
Meracdır söz ilə söz dərgahına.


Məncə bu şeiri bütövlükdə Tapdıq Əlibəylinin ədəbi-nəzəri biliklərinin bədii tərcümanı saymaq olar. Dahi söz ustadı M.Füzuli əbəs yerə demirdi ki, elmsiz şeir özülü yox divar kimidir. Bu mənada biz yuxarıdakı şeirində müəllifin filoloji istiqamətdə yetərli səviyyədə bilik nümayiş etdirdiyini görürük. Başqa sözlə, bu ədəbi nümunə Tapdıq Əlibəylinin ədəbi təfəkkürünün göstəricisi kimi dəyərləndirilməlidir.
Tapdıq Əlibəylinin “Misralanan ulu söz” adlı şeiri isə onun bədii təfəkkürünün aynasıdır.

Göydən enən mələkdir,
Simurqdan tel, lələkdir,
Ruhumuza gərəkdir,
Misralanan ulu söz.
Xəfif əsən küləkdir,
Pıçıltısı ürəkdir,
Qərib kimi kövrəkdir,
Misralanan ulu söz.


Bu bəndlərlə başlayan on bənddən ibarət bu şeirdə müəllifin bədii sözün ehtiva etdiyi məna çalarları-duyğu çalarları ilə bağlı düşüncələri verilir. Burada sızün qərib kimi kövrək olması bədii sözün. Bədii ifadənin (misralanan ulu sözün) həzin bir duyğu kimi könüllərə, beyinlərə təsir yetirdiyinə işarədir. Qərib könlü, qərib ürəyi necə kövrək olarsa, həsrətdən sızlayarsa, bax misralara düzülən ulu söz– poetik söz də beləcə könülləri ehtizaza gətirib duyğulandırmaq sehrinə malikdir. Bədii söz, poetik fikir xəfif meh kimi insanın üzünü oxşayıb - yalayar, sehrli-sirli pıçıltı kimi ürəklərdə əks-səda verib səslənər. Məhz belə hikmətli bədii-poetik kəlamların ruhumuza gərəkliyini dilə gətirir Tapdıq Əlibəyli.
Şairlik vergili olmaq deməkdir, o verginin işarəsi isə sözdə ifadə olunur, bədii-poetik sözdə. Sözə tumar çəkmək, sözə sığal vermək, sözlə oyun oynamaq şairin adətkərdə olduğu peşə vərdişidir. Eyni zamanda sözü cürbəcür libasda, müxtəlif biçimdə, rəgarəng çalarlarda görə bilmək, eşidə-duya bilmək də şairin intuitiv duyğulanma meyarıdır. Bu mənada şair Tapdıq Əlibəylinin “Mavi söz” şeiri onun şairlik təbiətini açıb ortaya qoyur.

Sözün rəngin görmək üçün hiss gərək,
Duyğuların çalarları gözdədir.


Şair həssas düşüncəyə malik hiss adamı deməkdir. Məhz o hiss sözün rəngini görməkdə şairə yardımçı olur. Sözdəki duyğu çalarları elə sözün rəngləridir. Hər duyğu özü bir cürə rəng çalarıdır. Bu çalarla düşünüb-danışa bilmək də şair peşəsidir. Əsl söz adamı-sənətkar-şair, sənətkar-yazıçı sözdəki rəngləri onun fitrətində daşınan bədiilik çalarları-naxışları ilə ifadə edib, üzə çıxardır və oxucusuna açıb göstərir. Bu, əlbəttə şairin fitri istedadının sayəsində göydən - ilahidən onun qulağına (əslində ruhunun qulağına) gələn sirli sədanın hökmü iə reallaşır. “Mavi sözdür, göy üzüdür şeir” dedikdə Tapdıq Əlibəyli məhz sözün mavi rəngini göy üzündən gələn söz-səs kimi səciyyələndirməklə, göy üzünün rəngi olan mavi səmanın rəngi ilə eyniləşdirir. Deməli, səmavi sözün rəngi də səmanın özü kimi mavi rəngdə olur. O ki qaldı sözün rəgarəng çalarlarının sirrinə, bu rəngbərəngliyin təcəllisinə, bunu geniş şəkildə aşağıdakı misralardan apaydın duyub görmək olar.

Ötə-ötə hər yay, payız, qış,bahar,
Rənglərilə təbiəti bəzəyir.
Sözlərin də təbiət tək rəngi var,
Məqamları fəsillərə bənzəyir.


Bax beləcə uğurlu poetik bənzətmələr aparır Tapdıq Əlibəyli. Necə ki, ayrı-ayrı fəsillər təbiətin rəngini-libasını dəyişib, onda cürbəcür mənzərə yaradırlar, bax beləcə də hər söz, hər fikir soylənmə dərəcəsinə, işlənmə məqamına görə insan dünyasında rəngarəng ovqat yaradırlar. Yəni söz var ki, deyərsən, kiminsə bu sözün təsirindən çöhrəsi allanar-həyalanar, söz var ki, deyərsən kimsə bu södən, xoş xəbərdən–muştuluqdan sevinib şadlanar, sevincindən al-qırmızı geyinib-bəzənər, söz var ki, deyərsən, Allah uzaq eləsin, qara xəbərdən rəngi-ruhu solub-saralar, bətbənizi qapqara qaralar, kösövə dönər və s. Bax beləcə, bu şəkildə misalların sayını kifayət qədər artırmaq olar və sözün ifadə etdiyi rəng çalarlarının real inikasını müşahidə eləmək olar. Bu rəngləri ən qatı şəkildə, tünd boyalarda verə bilmək və görə bilmək isə Tanrı vergisidir–bu vergi şairlik vergisidir. Bu vergidən bizim Tapdıq Ələyli də bəhrələnib. “Səfərdəyəm, yol gedirəm qələmlə” deyərək, şairlik qələminin qət etdiyi səfər boyunca öz oxucularına sözün rəngarəng naxışlarını təcəssüm etdirir. Sözünün rəng çalarları qoy həmişə oxucularını öz cazibəsində saxlasın, Tapdıq Əlibəyli!

Şakir Əlifoğlu,
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun
aparıcı elmi işçisi, fəlsəfə doktoru

Oxşar xəbərlər