“MƏN Kİ SÖZÜN PƏRVANƏSİ”

“MƏN Kİ SÖZÜN PƏRVANƏSİ” Sevimli şairimiz Tapdıq Əlibəylini yeniyetmə çağlarından tanıyıram, orta məktəbdə oxuduğu illərdən, Yardımlının Hamarkənd kənd orta məktəbində şagirdim olub. Ədəbi yaradıcılığına və jurnalist fəaliyyətinə isə keçən əsrin 90-cı illərindən bələdəm. Bu gün artıq Tapdığı göz açdığı, böyüyüb boya-başa çatdığı Yardımlı rayonunda deyil, ölkəmizin əksər bölgələrində də yaxşı tanıyırlar...
Uzun illərdir mətbuatda çalışan, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsü Tapdıq Əlibəyli 20-dən çox kitabın, dövri mətbuatda dərc olunan yüzlərlə elmi -publisistik məqalənin, neçə-neçə resenziya, ön soz müəllifi, xeyli sayda kitabın redaktorudur. Onun istər bədii, istərsə də publisist əsərlərində dövrümüzün ən aktual problemlərinə toxunulur. İnsan, onun cəmiyyətdəki mövqeyi, zəhmətin, şəxsi ləyaqətin, xeyirxahlığın, mənfi hallara qarşı barışmazlığın təbliği Tapdığın qələmə aldığı əsas tematikadır və bunlar aktual olduğu kimi də təsirlidir. Bu, təbii ki, onun insanlara, hadisələrə, ətraf mühitə həssas münasibətinin nəticəsidir.
Tapdıq Əlibəylinin yazılarında öz şəxsi keyfiyyətlərindən doğan yüksək əxlaqi normalar, humanizm, vətəndaşlıq başlıca yer tutur və bəlkə elə buna görədir ki, onun şeirləri həmişə sevilib, oxunub, oxucuları tərəfindən rəğbətlə qarşılanıb.
Tapdıq Əlibəyli yüksək erudisiyalı, geniş dünyagörüşlü, müasirlərinə müsbət təsir edən yaradıcı ziyalılarımızdandır. Mən onu belə görmüşəm, belə də tanıyıram...
İllər öncə yazdığım, Tapdıq Əlibəyli yaradıcılığının irfan çalarını, məqamını özündə ehtiva edən “Tapdıq Əlbəylinin irfan poetikası” adlı elmi-publisistik məqaləmin yaxşı mənada rezonans doğurması da şairin uğur göstəricisidir. Bəlkə də, Tapdıq Əlibəylinin poeziysına həddən artıq yaxınlığım, bağlılığım, onun yaradıcılığının dərinliklərinə nüfuz etməyim bu irihəcmli yazının ərsəyə gəlməsinə səbəb oldu, - deyə bilmərəm. Amma bu məsələ bir anlğa da olsa Bakı Dövlət Universitetində təhsil aldığım illəri yada saldı.
Müəllim jurnalı gətirmək üçün məni kafedraya göndərdi. Kafedra müdiri tanınmış ədəbiyyatşünüs-alim, professor Əkbər Ağayev idi. Qapını açanda Əkbər müəllimin ədəbiyyatşünüs, professor, yazıçı Mir Cəlaıl Paşayevlə sözləşməsini gördüm. Bəlkə də, zarafat idi... Ancaq onu eşitdim ki, Mir Cəlal müəllim Əkbər müəllimə deyir: “Əşi, sən Mir Cəlalı oxuya-oxuya Əkbər Ağayev olmusan da...”. Deməyim odur ki, indi mən də Tapdıq Əlibəylini oxuya-oxuya ondan çox şey əxz etmiş oluram. Baxmayaraq ki, bir vaxt tələbəm olub...
Tapdıq Əlibəyli çağdaş Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən şair-publisisdir. Müasir həyatımızdakı hər hansı bir adiliyin böyük poetik vüsətlə tərənnümü, ilk baxışda insanlara adi görünə bilən hadisə və faktların ictimai fonda verilməsi, ona milli münasibət Tapdığın şeiriyyət çələnginə xas olan cəhətlərdəndir.
Xalq şairi Musa Yaqub düşüncəsindən yarpaqlanan bir deyim var: “Əslində şeir olan yerdə gərək əlavə danışmayasan, şair haqqında izah verməyəsən. Çünki şairin fikri də, duyğu və düşüncəsi də, sevgisi də onun şeirlərindədir...”. Elə bu fikir müstəvisində Tapdıq Əlibəyinin söz boxçasından bir iqtibas edim: “Əsrlərin o üzündən üzü bəri əsrarəngiz, nizamlı söz - şeir zaman-zaman duyğularımıza ayna
tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini poetik süzgəcdən keçirərək, “məndə mənini” arayıb. Mənəviyyat dünyamızın tükənməz enerji mənbəyi olan sözün işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə...
Sözü əzəldə xəlq olan ilk mələk məqamında görürük. O məqam ki, teoloji baxışlara görə, Yaranış Yaradanın “Ol” sözündən var olub. Elə bu məqamın işığındaca deyirəm:

Səcdə etdiyimiz Mütləq Yaradan,
Söz ilə dünyanı var etdi yoxdan.
Sözün cazibəsi ayrılmır ruhdan,
Əzəldə xəlq olan ilk mələklərdir.
Əkilən torpaqtək söz də göyərər,
Toxunma sözə ki,Tanrı diksinər,
İlahi sevgiylə söz əzizlənər,
Sevgilər beşiyi saf ürəklərdir.


Mənəvi dünyamızın aynası, ruhumuzun tərcümanı sayılan poetik sözün sehri haqqında klassik və çağdaş söz sənətkarları tərəfindən dəyərli fikirlər söylənib. Şübhəsiz ki, gələcəkdə də mahiyyəti ehtiva edən müxtəlif çalarda fikirlər olacaqdır. Çünki söz dünyasının işığına üz tutan söz pərvanəsinin özü də işığa dönür”.
Söz işığın hər zaman gur olsun, işıqlı söz adamı,

Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir - bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi. -

deyən ruhu işıq dolu sevimli şairimiz Tapdıq Əlibəyli!
Qələm dostumuzun 60 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, şairə möhkəm can sağlığı, yeni -yeni yaradıcılıq uğurları arzulayıram...

SƏYADULLA KƏRİMLİ,
yazıçı, publisist

Oxşar xəbərlər