"Həyat 120 sual və 3 saatlıq imtahandan ibarət deyil" - Psixoloq

Sabah, fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul imtahanı keçiriləcək. İmtahan ölkə üzrə müxtəlif mərkəzlərdə təşkil olunacaq və bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil bilikləri yoxlanılacaq.

Psixoloq Gülnar Orucova açıqlamasında imtahana hazırlaşan gənclərə öz tövsiyələrini verib.
O bildirib ki, Azərbaycanda imtahanlar yarış marafonuna çevrilib və bu yarışda təkcə tələbələr deyil, valideynlər də iştirak edir:

"Hər bir valideyn övladının universitetə qəbul olmasını istəyir, amma bu düşüncə doğru deyil. Hər kəs ali təhsil almağa məcbur deyil və uğur yalnız universitet diplomu ilə ölçülməməlidir. Əsas olan insanın bacarığını düzgün istiqamətləndirməsidir. Unutmamalıyıq ki, həyat 120 sualdan və üç saatlıq imtahandan ibarət deyil. Bir imtahanda aşağı nəticə göstərmək insanın savadsız olduğunu sübut etmir, sadəcə həmin fənn üzrə bilik səviyyəsini göstərir. Ona görə də valideynlər övladlarını dəstəkləməlidirlər".

Psixoloq deyib ki, magistratura səviyyəsinə qəbul olan gənclər artıq müəyyən bilik və təcrübəyə malikdirlər:

"Onlar seçimlərini daha dəqiq müəyyənləşdirmək və inkişaf etmək üçün magistr oxumaq istəyirlər. Magistraturaya hazırlaşan tələbələr artıq stressə daha dözümlü olurlar. Lakin burada da əsas amillər psixoloji hazırlıq, düzgün yuxu rejimi və özünəinamdır".

Tehsil-press.az

Oxşar xəbərlər