İlahiyyat İnstitutunun tələbələrinə psixoloqdan tövsiyələr

İlahiyyat İnstitutunun tələbələrinə psixoloqdan tövsiyələr Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) psixoloqu İlkin Kazımlının tələbələrlə imtahanqabağı onlayn görüşü təşkil olunub.
Psixoloq İlkin Kazımlı tələbələrin imtahan zamanı bir sıra psixoloji və fiziki problem yaşadığını qeyd edib. O bildirib ki, tələbələr daha çox imtahandan sonra meydana gələ biləcək mümkün problemlər haqqında düşünürlər. Bu düşüncələr isə narahatlığa və stressə səbəb olur.
Psixoloq imtahan gərginliyini aradan qaldıran bir sıra üsullardan da bəhs edib. O, planlı olaraq imtahana hazırlaşmağın, daxili motivasiyanın vacibliyini vurğulayıb. Bildirib ki, stress imtahana girən hər bir şəxs üçün təbii haldır. Orta səviyyədə hiss edilən narahatlıq tələbələri daha çox motivasiya edərək oxumağa həvəsləndirir, onları daha məsuliyyətli olmağa yönəldir.
İ.Kazımlı daha sonra bildirib ki, narahatlıq, gərginlik çox olduqda tələbə stress keçirəcək, bu isə onun həqiqi potensialının üzə çıxmasına və yüksək nəticə əldə etməsinə maneçilik törədəcək.
Psixoloq, həmçinin imtahana hazırlıq zamanı tələbələrin diqqət edəcəkləri məqamları da nəzərə çatdırıb. Bildirib ki, vaxtın səmərəli bölgüsü, gündəlik iş qrafiki, planlı çalışmağın təmin edilməsi vacib məqamlardır.
O, gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə adiləşdirməyi tövsiyə edib. Bəzi problemlərin həllində psixoloji durumun kömək göstərə biləcəyini də nəzərə çatdırıb.
Görüş zamanı tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, xüsusi karantin rejiminə adaptasiya ilə bağlı problem yaşayan tələbələrlə psixoloq mütəmadi olaraq onlayn görüşlər keçirib. Yay imtahan sessiyası dövründə İ.Kazımlının problemli tələbələrlə fərdi onlayn konsultasiyalar keçirməsi də nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutunda bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası iyunun 8-dən başlayıb. Beş həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formatda şifahi formada keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər