Memorandumu BDU rektoru Elçin Babayev və “Codelandia” MMC-nin direktoru Günel Cənnətova imzalayıblar.
Mərasimdə çıxış edən rektor Elçin Babayev BDU-nun 5 əsas prioritetindən birinin kompüter elmləri və riyaziyyat olduğunu deyib. O bildirib ki, BDU-nun çox güclü riyaziyyat məktəbi, tətbiqi riyaziyyat və kibernetika istiqamətində böyük uğurları var. Digər tərəfdən kompüter elmlərinin öyrənilməsi, innovasiya yönümlü layihələrin həyata keçirilməsi günün tələbidir. Rektor bu baxımdan “Codelandia” MMC ilə birgə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib: ”Codelandia” ilə birgə BDU-da informasiya texnologiyaları üzrə ustad dərsləri, simulyasiyalar, olimpiadalar, konfranslar keçirilə, kibertəhlükəsizlik sahəsində təlimlər təşkil oluna bilər”.
“Codelandia” MMC-nin direktoru Günel Cənnətova rəhbərlik etdiyi qurumun ölkəmizin innovativ yönümlü tədris bazarında özünəməxsus yeri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, həm ölkə daxilində, həm də dünyanın texnologiya liderləri ilə qurulan tərəfdaşlıqlar əsasında yüksək səviyyəli tədris və təcrübə proqramı formalaşdırmağa nail olunub. O, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt sahələrində BDU ilə birgə əməkdaşlığın ölkədə bu sahədə mütəxəssis hazırlığına mühüm töhfə verəcəyini bildirib.
Qeyd edək ki, memoranduma əsasən, tərəflər kibertəhlükəsizlik, süni intellekt, informasiya texnologiyaları, data analitika və digər sahələrdə birgə tədqiqatlar və layihələr həyata keçirəcək. Tədris proqramlarının yenilənməsi və təkmilləşdirilməsi, yeni ixtisaslar və ixtisasartırma proqramları üzrə müasir təhsil metodlarının tətbiqi, texnologiya üzrə birgə beynəlxalq və regional elmi konfransların, elmi-texniki sahələrdə mütəxəssis hazırlığı üzrə kursların və peşəkar inkişaf proqramlarının təşkili edilməsi, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin yaradılması da memorandumda əks olunub.
Tehsil-press.az