BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti arasında anlaşma memorandumu imzalanıb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İsrailin Yerusəlim İbrani Universitetinin vitse-prezidenti Oron Şaqririn rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə çıxış edən rektor E.Babayev Azərbaycanın ən böyük ali məktəbi olan BDU-nun fəaliyyəti, strukturu, universitetdə elm və tədris prosesi barədə məlumat verib. Qeyd edilib ki, BDU-da elmin müxtəlif istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. BDU-nun 16 fakültəsi, 25 minə yaxın tələbəsi, 2 elmi-tədqiqat institutu, bir filialı, kolleci və liseyi var. Son illər universitetdə ən müasir tələblərə cavab verən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir laboratoriyalar yaradılıb. Rektor BDU-nun beynəlxalq əlaqələrinin də genişləndiyini, dünyanın tanınmış universitetləri ilə ikili diplom və mübadilə proqramlarının həyata keçirildiyini qeyd edib. E.Babayev İsrailin elm və təhsil müəssisələri ilə əlaqələrin yaradılması və inkişafının BDU-nun beynəlxalq əlaqələrində əsas prioritetlərdən olduğunu vurğulayıb.
Oron Şaqrir qeyd edib ki, Yerusəlim İbrani Universitetində 90 ölkədən 23 min tələbə təhsil alır. “QS World University Rankings” beynəlxalq reytinqində 222-ci yerdə qərarlaşan universitet əsasən biologiya, biotexnologiya, aqrar sahə, aqrar texnologiyalar üzrə kadr hazırlığı həyata keçirir.
Sonra BDU ilə Yerusəlim İbrani Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru E.Babayev və Yerusəlim İbrani Universitetinin vitse-prezidenti O.Şaqrir imzalayıblar.
Memoranduma əsasən, biotexnologiya ixtisası üzrə bakalavr, magistr və doktorantura səviyyələrində tədris prosesinə hər iki universitetdən professorlar cəlb olunacaq. BDU və Yerusəlim İbrani Universiteti ikili diplom proqramlarının həyata keçirilməsi, ortaq elmi tədqiqatların aparılması, birgə seminar, konfrans, sərgi və simpoziumların təşkili istiqamətində əməkdaşlıq edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər