BDU və Ankara Sosial Elmlər Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Ankara Sosial Elmlər Universiteti arasında anlaşma memorandumu imzalanıb Türkiyənin Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Nümayəndə heyəti ilə görüş zamanı rektor Elçin Babayev qonaqlara universitetin tədris və elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. Qeyd edib ki, BDU-nun Sosial elmlər və psixologiya fakültəsi ölkədə bu sahədə kadr hazırlayan əsas baza hesab olunur. Həmçinin BDU-nun Türkiyədən olan tələbələrinin əksəriyyəti məhz psixologiya ixtisasına meyil göstərirlər. Rektor sosial elmlər sahəsində əməkdaşlığın hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini bildirib.
Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Türkiyənin sosial elmlər üzrə ilk dövlət universiteti olduğunu deyib. Ankara Sosial Elmlər Universitetinin türk dövlətləri, o cümlədən Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraq göstərdiyini diqqətə çatdırıb.
Daha sonra BDU və Türkiyənin Ankara Sosial Elmlər Universiteti arasında anlaşma memorandumu və “Erasmus+ K171” mübadilə müqaviləsi imzalanıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan imzalayıb.
Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Sənədə əsasən, tərəflər qarşılıqlı maraq doğuran tədqiqat, təhsil və tədris proqramları sahəsində əməkdaşlıq edəcəklər. Memorandumda tələbələrin, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi, birgə seminar, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, nəşrlərin və digər müvafiq materialların mübadiləsi öz əksini tapıb.

Tehsil-press.az



Oxşar xəbərlər