
Bunu deputat Vüqar Bayramov parlamentdə Ombudsmanın hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. “Belə praktiki bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqların qorunması baxımdan vacibdir”, - deputat qeyd edib.
İpoteka kreditləşməsinin təkmilləşdirilməsi ilə bağlı təqdim olunan təklifləri təqdirəlayiq hal hesab edən deputat bildirib ki, cari ildə ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq: “Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı”.
Tehsil-press.az