Azərbaycanlılar Formula 1-i pulsuz seyr etməli olacaq

Azərbaycanlılar Formula 1-i pulsuz seyr etməli olacaq Beynəlxalq Qran Prini izləmək üçün qiymətlər 19 dollardan 472 dollara kimi dəyişir Ekspert Rəşad Həsənov təşkilatçıların bahalı qiymətlər siyasətini şərh edir
Təxminən bir ay sonra Bakıda Formula 1 yarışları keçiriləcək. Yarışla bağlı hazırlıqlar isə davam edir. İyun ayının 17-si 19-u aralığında keçiriləcək beynəlxalq Qran Prini izləmək istəyənlər üçün biletlərin qiymətləri də məlumdur. Və biletlər fevraldan etibarən satışa çıxarılıb.

Formula 1 yarışlarının rəsmi saytında (www.bakucitycircuit.com) yer alan məlumata görə, yarış trekinin izlənmə yerindən və xidmətlərdən asılı olaraq qiymətlər 19 dollardan 472 dollara kimi dəyişir. Məlumata əsasən Abşeron tribunasına (sektor A, B, C, D, E) üç günlük girişin qiyməti 711 manat, İçərişəhər və Azneft (yuxarı, aşağı) tribunasına üç günlük giriş 443 manat, Muğam və Sahil tribunalarına üç günlük giriş 369 manat, Qız Qalası (yuxarı, aşağı) və Filarmoniya tribunalarına üç günlük giriş 284 manat, Bulvar və Xəzər tribunalarına giriş isə 180 manatdır. Ayaqüstü zonalara üç günlük giriş 95 manat, yalnız ilk gün üçün isə giriş 19 manatdır.
Biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-40 %-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs ən çox 4 imtiyazlı bilet ala bilər. Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir. Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlərdən başqa digər biletlərin hamısı həftəsonu yarışın hər üç günü üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar FORMULA 1 GRAND PRİX OF EUROPE və GP2 seriya yarışlarını izləməklə yanaşı, Dənizkənarı Bulvar ərazisində salınacaq Formula 1 Şəhərciyinə giriş imkanı da əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.
Yarış trekinin ən əsas izlənmə yeri Hökumət Evinin qarşısı hesab edilir. Bu hissədə, yəni A, B,C, D və E sektorlarında Formula 1-i izləmək üçün 472 dollarlıq biletləri almaq lazımdır. Baku Grand Prix şirkətinin mətbuat katibi Nigar Arpadarai mətbuata açıqlamasında bildirib ki, bu hissədə komandaların avtoqarajları və əsas Abşeron tribunası yerləşir. Yarış həvəskarları buradan Pit Yolu, start düzülüşü və Finiş xəttini yaxından izləyə biləcəklər. Tamaşaçılar həmçinin yarışın bitdiyini işarə edən Finiş bayrağının dalğalanmasına və Podium mərasiminə yaxından tamaşa edə biləcəklər. Əsas tribunaya bilet alanlar bütün yarış trekinə pulsuz daxil ola bilərlər.
Formula 1 yarışları ilə əlaqədar otellərdə də qiymətlər müəyyənləşdirilib. www.bakucitycircuit.com saytında yer alan qiymətlər göstərir ki, ""Four Seasons" oteldə yarış tarixi üçün qiymətlər gecəsi 500 dollardan müəyyənləşdirilib və bütün mümkün nömrələr artıq tutulub. "JW Marriott Baku" oteldə qiymət gecəsi 625 dollardan başlayaraq göstərilib və bu oteldə də artıq rezerv üçün yerlərin dolu olduğu göstərilir. "Hilton" otel də yarış tarixləri üçün qiyməti 500 dollardan başlayaraq göstərib. Saytda oteldə həmin tarixlər üçün boş yerin olmadığı qeyd olunub. "Boulevard Baku Hotel"də yarış tarixləri üçün bir gecəlik qiymət 480 dollar, "Park İnn Hotel"də 400 dollar, "Shah Palace Hotel"də isə 275 dollar kimi göstərilib.
Həm biletlərin, həm də otellərin qiyməti olduqca yüksəkdir. Hazırkı iqtisadi vəziyyətə uyğun olaraq Azərbaycan vətəndaşları bu biletləri alaraq oyunun seyirçisi ola biləcəklərmi? Biletlərin baha olmasının səbəbi nədir? Bəs turizmi inkişaf etdirmək istəyərkən turistlərə göstərilən qiymətlərdə otel nömrələri təklif etmək nə dərəcədə düzgündür?
İqtisadçı ekspert Rəşad Həsənov Tehsil-press.az-a açıqlamasında bildirdi ki, bilet qiymətləri əsasən xarici ölkə vətəndaşları üçün hesablanıb. Burda təbii ki, belə qiymətlərlə biletlərin kütləvi satışı real görünmür: "Təbii ki, maddi durumu yaxşı olanlar bu biletləri ala bilər. Ancaq kütləvi baxımdan bu biletlərin satışı əhalinin gəlirlərinə, orta aylıq əmək haqlarına uyğun deyil. Eyni zamanda bir məqam da var ki, bu qiymətlər müəyyənləşdirilərkən hansısa standartlardan istifadə olunub, onlar nəzərə alınıb. Digər bir tərəfdən hökumət düşünür ki, istənilən halda Azərbaycan vətəndaşı daha çox ödənişsiz seyirci olmağa üstünlük verəcək. Ödənişli yerlər isə daha çox xarici vətəndaşlar üçün istifadə ediləcək. Bu baxımdan müəyyən qədər xərclərin kompensasiya edilməsi məqsədi ilə qiymətləri baha müəyyənləşdiriblər. Hazırkı iqtisadi şərtlər daxilində Azərbaycan vətəndaşının bu kimi yarışlara ciddi maraq göstərəcəyi və bahalı qiymətlərlə bilet alacağını demək mümkün olmazdı. Bundan öncəki yarışlarda bir halda müşahidə olunmuşdu ki, biletlərin satışı məcburi qaydada həyata keçirilib. Daha çox dövlət qurumlarında çalışanlar və eyni zamanda bizneslə məşğul olan böyük şirkətlərə bu prosesə cəlb olunmuşdular. Yəni biletlərin satışını həyata keçirmək üçün bu da mümkündür".
Otellərin qiymətinin bahalığına gəlincə R.Həsənov deyir ki, bizdə turistlərin kütləvi şəkildə qəbulu imkanları məhduddur. Ancaq böyük ehtimal ki, gələn qonaqlar kifayət qədər çoxdur: "Bizim sektorun aktyorları-otellər bu səbəbdən yüksək qiymətlər müəyyənləşdiriblər. Doğrudur, bu turizmin növbəti dövrlərdə dövriliyini təmin etmək baxımından düzgün yanaşma deyil, çünki bahalı ölkə imici formalaşdırır. Sonrakı dövrlərdə turistlərin ölkəyə yenidən gəlişini azaldır. Ancaq bir şey də var ki, bu kimi tədbirlərdə adətən təşkilatlar səviyyəsində ödənişlər həyata keçirilir. Burda daha çox iştirakçılar birbaşa ödənişi həyata keçirirlər. Bu baxımdan qiymətləri yüksək müəyyənləşdirməklə daha çox mənfəət əldə etmək istəyirlər. Burda birbaşa turistin ödəniş etməməsi, otellərə bu qiyməti formalaşdırmağa şərait yaradır".
"Azərbaycanın 2016 Formula 1 Avropa Qran Prisinin bilet satışından 3-4 milyon manat arası gəlir əldə etməsi gözlənilir" - bunu jurnalistlərə açıqlamasında Gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Formula 1 üçün 30 min bilet satışa çıxarılıb: "Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa satışı ilə həyata keçirilir. Satışlar davam edir və işlər tam qaydasında gedir".
Hazir vurğulayıb ki, bilet satışı üçün heç bir məhdudiyyət qoyulmayıb: "Yəni xaricdən və yerli vətəndaşlar yarış üçün istədikləri qədər bilet ala bilərlər".


Tehsil-press.az

Oxşar xəbərlər