BDU-da professor Nəsir İmanquliyevə həsr olunmuş elmi seminar

BDU-da professor Nəsir İmanquliyevə həsr olunmuş elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli alim və pedaqoq, ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasının 111-ci ildönümünə həsr edilmiş “Azərbaycan jurnalistikası - XXI əsrin çağırışları” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə çıxış edən fakültənin elmi işlər üzrə dekan müavini dosent Sevinc Əliyeva ustad redaktor Nəsir İmanquliyevin Azərbaycan jurnalistikasının inkişafındakı mühüm rolundan danışıb.
Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli görkəmli alim Nəsir İmanquliyevin tarixi missiyasını ləyaqətlə yerinə yetirdiyini və mətbuat tariximizə qiymətli töhfələr verdiyini vurğulayıb. C.Məmmədli bildirib ki, Nəsir İmanquliyev Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirərək mətbuat tariximizin təməlini möhkəmləndirən şəxsiyyətlərdən olub.
Uzun illər Nəsir İmanquliyevin professoru olduğu kafedranın müdiri dosent Xatirə Hüseynova ömrünün 50 ilini BDU-nun Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına həsr etmiş alimin peşəkar jurnalistlərin böyük bir nəslinin formalaşmasında əvəzsiz rolundan bəhs edib. Nəsir İmanquliyevin özünəməxsus mühazirələri ilə bağlı tələbəlik xatirələrini bölüşən X.Hüseynova jurnalistikanın, jurnalist etikasının təməl prinsipləri ilə əlaqədar onun fikirlərinin bu gün də aktual olduğunu vurğulayıb.
Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi rolu olan alim-publisist Nəsir İmanquliyevin mənəvi keyfiyyətləri barədə danışıb, onu dəyərli alim-pedaqoq, peşəkar redaktor, ictimai xadim, zamanın nəbzini tutan publisist kimi xarakterizə edib.
Fakültənin dekanı Vüqar Əliyev professor Nəsir İmanquliyevin yalnız Jurnalistika fakültəsi üçün deyil, ümumiyyətlə Azərbaycan jurnalistikası üçün unudulmaz ustad olduğunu vurğulayıb. O, Nəsir İmanquliyevin çətin, lakin olduqca mənalı və şərəfli ömür yolundan bəhs edib, bu gün də Azərbaycan jurnalistikasının Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Famil Mehdi, Şirməmməd Hüseynov kimi ustadlardan bəhrələndiyini deyib.

Tehsil-press.az


Oxşar xəbərlər