BDU-nun Jurnalistika fakültəsində professor Yalçın Əlizadənin 85 illik yubileyi qeyd olunub

BDU-nun Jurnalistika fakültəsində professor Yalçın Əlizadənin 85 illik yubileyi qeyd olunub Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Əməkdar jurnalist, professor Yalçın Əlizadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev professor Yalçın Əlizadənin fakültənin tarixində əvəzsiz yeri olduğunu deyib. Bildirib ki, prinsipiallığı ilə yaddaşlarda qalan Yalçın Əlizadə 1962-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1971-1974-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb. 1974-cü ildə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub. Yalçın Əlizadə Azərbaycanda radio jurnalistikasının nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən, bu sahənin ən yaxşı tədqiqatçılarından biri idi. O, televiziya və radio jurnalistikasının aktual problemlərinə dair 100-ə yaxın elmi məqalənin, 4 kitabın müəllifi olub. 2023-cü il dekabrın 3-də vəfat edən professor Yalçın Əlizadə səmərəli fəaliyyətinə görə “Əməkdar jurnalist” fəxri adı, “Tərəqqi” medalı və 3-cü dərəcəli “Əmək” ordeni ilə qiymətləndirilib: “Müəllimimiz, dekanımız olmuş Yalçın müəllimin işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Sonra BDU TV-nin professor Yalçın Əlizadənin həyat yoluna həsr etdiyi videoçarx izlənilib.

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Yalçın Əlizadəni “fakültənin doğma adamı” adlandırıb. Qeyd edib ki, fakültədə özündən sonra məktəb yaradan Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Famil Mehdi və Yalçın Əlizadə kimi müəllimlərin həyatı tələbələr üçün tədris edilən dərslər qədər vacibdir: “Düşünürəm ki, fakültəmizdə belə əbədi iz qoyan və həyatı məktəbə çevrilən müəllimlərimiz tələbələrimiz – gənc jurnalistlər tərəfindən də öyrənilməli, tanınmalı və tanıdılmalıdır”.

Daha sonra Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, professor Akif Rüstəmov, fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev, tədris işləri üzrə dekan müavini Esmira Rövşənova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mətbuat katibi Yadigar Cəfərli, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Nəmənd Rüstəmov, Tədris tele-radio studiyasının müdiri Ramin Rzayev, "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının laborantı Günay Məmmədova, Milli mətbuat tarixi kafedrasının laborantı Elmira Həsənova və Yalçın Əlizadənin qızı, Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosenti Aytən Əlizadə professorla bağlı xatirələrindən söz açıblar.

Tehsil-press.az

Oxşar xəbərlər