
Panel çərçivəsində ali təhsilin beynəlxalq standartlara inteqrasiyası prosesində milli dəyərlərin qorunması, ənənəvi dəyərləri özündə saxlayan kurikulum modellərinin qurulması, keyfiyyət təminatı və qarşılıqlı tanınma mexanizmləri müzakirə olunub.
Şəbnəm Səfərova çıxışında son illərdə BDU-nun inkişaf istiqamətləri barədə məlumat verərək qeyd edib ki, ali təhsil müəssisəsi beynəlxalq əməkdaşlıq, rəqəmsal və yaşıl transformasiya, eləcə də elmi tədqiqat sahələrində mühüm irəliləyişlərə nail olub. Universitetin nüfuzlu beynəlxalq reytinq cədvəllərində – QS sıralamasında 688-ci pillədə qərarlaşaraq Cənubi Qafqaz regionu üzrə birinci yeri tutması və THE (Times Higher Education) reytinqində dünyanın ən yaxşı 600 universiteti arasında yer alması BDU-nun qlobal elm və təhsil məkanına inteqrasiyasının göstəricisidir.
Rektorun müşaviri çıxışında vurğulayıb ki, qloballaşma prosesində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr ənənəvi yanaşmaları qoruyub saxlamaqda maraqlıdırsa, bu kontekstdə ali təhsil müəssisələri arasında diplomların qarşılıqlı tanınması, ortaq keyfiyyət təminatı çərçivəsinin yaradılması, birgə rəqəmsal platformaların formalaşdırılması, eləcə də tələbə və müəllim mobillik proqramlarının genişləndirilməsi kimi təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir.
Panelin sonunda Şəbnəm Səfərova qeyd edib ki, ali təhsil yalnız bilik ötürən deyil, eyni zamanda gələcəyin mənəvi və intellektual konturlarını formalaşdıran mühüm təsir vasitəsidir. Bu baxımdan İslam dünyasının universitetləri qloballaşma prosesində iştirakla yanaşı, universal dəyərlərin daşıyıcısı və formalaşdırıcısı rolunu da yerinə yetirməlidirlər.
Tehsil-press.az