İslam Dünyası Universitetləri Federasiyasının ilk məşvərət iclası keçirilib

İslam Dünyası Universitetləri Federasiyasının ilk məşvərət iclası keçirilib İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş ofisində İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) ilk məşvərət iclası keçirilib.
İclasda federasiyaya üzv universitetlərdə sürətli qlobal transformasiya və texnoloji inkişaf məsələləri müzakirə edilib. Tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qeyd edib ki, hazırda 58 ölkədən 351 universiteti birləşdirən FUIW-in fəaliyyəti də yeni qlobal çağırışlara uyğun qurulmalıdır. Bu kontekstdə İslam dünyası universitetlərinin daha sıx əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, bu əlaqələr İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin münasibətlərinə töhfə verir. Digər tərəfdən, İslam ölkələrinin universitetləri FUIW çərçivəsində dünyanın aparıcı universitetləri ilə təhsil və elmi-tədqiqatlar üzrə həyata keçirilən birgə layihələrdə də iştirak edə bilərlər.
İclasda FUIW İcraiyyə Komitəsinin 2020-ci ilin fevralında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 33-cü iclasının qərarlarının yerinə yetirilməsi vəziyyəti də müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universiteti 1987-ci ildən ICESCO-nun himayəsi altında fəaliyyət göstərən FUIW-in üzvüdür və o, 2017-ci ildə federasiyanın İdarə Heyətinə üzv seçilib.

Tehsil-press.az


Oxşar xəbərlər