
Müzakirələr zamanı çıxış edən komitə üzvü Siyavuş Novruzov ölkədə məktəbəqədər hazırlıq sahəsindəki problemlərə diqqət çəkib. Deputat qeyd edib ki, hər binanın aşağısında əlçatan və münasib qiymətli məktəbəqədər hazırlıq mərkəzləri yaradılmalıdır: “Əksər hallarda hər iki valideyn işləyir. İnsanlar uşaqlarını uzaq məsafəyə aparmaq və ya əlavə nəqliyyat xərci çəkmək məcburiyyətində qalırlar. Ona görə də mağaza və gözəllik salonlarının əvəzinə, yaşayış binalarının altında məktəbəqədər mərkəzlər açılmalıdır”.
Siyavuş Novruzov bəzi özəl məktəbəqədər mərkəzlərin tələb etdiyi yüksək qiymətləri də sərt şəkildə tənqid edib: “Hazırda elə özəl məktəbəqədər hazırlıq mərkəzləri var ki, aylıq 7000 manat pul istəyirlər. Mən elə bir mərkəz tanımıram ki, bu məbləğə uyğun təhsil versin. Azərbaycanda kim var ki, uşağına ayda 7000 manat versin? Üstəlik, hər evdə bir yox, iki uşaq ola bilər”.
Deputat belə mərkəzlərin fəaliyyətinə nəzarətin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.
Bəs təhsil ekspertlərinin bu məsələyə mövqeyi necədir? Deputat Siyavuş Novruzov haqlıdırmı?
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsilin əlçatanlığı və keyfiyyəti sahəsində mövcud vəziyyət struktur, sosial və iqtisadi problemlərlə yüklənib. Ölkədə uşaq bağçalarına və məktəbəqədər hazırlıq mərkəzlərinə olan tələbat hər il artsa da, təklifin bu artıma adekvat cavab verməməsi ailələrin həyatında ciddi çətinliklər yaradır:
“Xüsusilə şəhər mühitində, valideynlərin hər ikisinin işlədiyi ailələrdə uşaqların gündəlik qayğısı və təlimi üçün münasib, yaxın və keyfiyyətli alternativlərin azlığı onları ya qeyri-formal baxıcılara, ya da yüksək ödənişli özəl mərkəzlərə yönləndirir. Bu vəziyyət isə cəmiyyətin böyük bir hissəsi üçün həm sosial ədalətsizlik, həm də təhsil hüququnun pozulması ilə nəticələnir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, məktəbəqədər təhsil uşağın fiziki və psixoloji inkişafı üçün ilkin əsasları formalaşdırmalı və onun sonrakı təhsil pillələrinə hazırlığını təmin etməlidir. Həmin qanunun 5.1-ci maddəsində isə vurğulanır ki, hər kəsin təhsil almaq hüququ vardır. Lakin bu hüququn təmin edilməsi yalnız nominal olaraq mövcuddur; praktikada bu hüquq məktəbəqədər mərhələdə bərabər şəkildə həyata keçirilmir. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına görə, məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı 274 min nəfər təşkil edir ki, bu da 0-6 yaş arası uşaqların cəmi 17 faizini əhatə edir. Bu göstərici ilə Azərbaycan həm Qafqaz regionu üzrə, həm də MDB ölkələri arasında son sıralarda yer alır. Gürcüstanda bu göstərici 37%, Qazaxıstanda isə 45%-dir. Avropa İttifaqı ölkələrində məktəbəqədər təhsilin əhatə dairəsi 85-98% arasında dəyişir.
Müasir dövrdə məktəbəqədər təhsil yalnız uşağın saxlanılması məqsədilə deyil, onun erkən yaşdan sosial, emosional və intellektual bacarıqlarının inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. UNESCO-nun 2021-ci il hesabatında qeyd olunur ki, məktəbəqədər təhsil alan uşaqlar ibtidai təhsil pilləsində daha yüksək göstəricilərə malik olur və sosial adaptasiya qabiliyyətləri yüksək olur. Azərbaycanda isə bu mərhələ əhali üçün ya əlçatmaz, ya da keyfiyyətsiz formatda təqdim olunur. Dövlət bağçalarının sayı və tutumu kifayət deyil, özəl bağçalar isə çox vaxt astronomik qiymətlərlə fəaliyyət göstərir. Siyavuş Novruzovun qeyd etdiyi kimi, bəzi özəl mərkəzlərdə təhsil haqları aylıq 7000 manata qədər yüksəlir. Halbuki 2024-cü il üçün orta aylıq əməkhaqqı ölkə üzrə 950 manat təşkil edir. Əgər bir ailədə iki uşaq varsa və hər ikisi məktəbəqədər mərkəzə gedirsə, bu, ailənin aylıq gəlirinin çoxunu udur və belə şəraitdə məktəbəqədər təhsilin əlçatanlığından danışmaq mümkün deyil.
Mənfi tərəflər təkcə iqtisadi deyil, eyni zamanda pedaqoji və hüquqi aspektləri də əhatə edir. Bir çox özəl bağçalarda müəllim heyəti qeyri-ixtisaslı şəxslərdən ibarətdir, proqramlar təlim və metodik göstərişlərə uyğun gəlmir, monitorinq və lisenziyalaşdırma mexanizmləri zəifdir. “Məktəbəqədər təhsil haqqında” Qanunun 10.2 maddəsində göstərilir ki, bu müəssisələr təhsil proqramlarına uyğun fəaliyyət göstərməli, ixtisaslı müəllimlərlə təchiz olunmalıdır. Lakin bu tələblərə əməl olunmadığı halda belə, inzibati və ya hüquqi mexanizmlərlə ciddi nəzarət həyata keçirilmir. Bu da uşaqların təhlükəsizliyini, rifahını və psixoloji durumunu təhlükəyə atır".
Ekspertin fikrincə, bu məsələ artıq parlament səviyyəsində və ictimai diskursda aktual müzakirə obyektinə çevrilib: “Bu sahədə dövlətin nəzarəti gücləndirməsi, müəyyən normativ dəyişikliklərə gedilməsi və bazara daha ədalətli tənzimləmə mexanizmlərinin tətbiqi mümkündür. Bir neçə şəhərdə pilot layihə olaraq dövlət-özəl tərəfdaşlığı ilə yaradılan məktəbəqədər mərkəzlər uğurlu nümunə sayıla bilər. Bundan başqa, məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirmək üçün dünya təcrübəsində tətbiq olunan "çoxmərtəbəli yaşayış komplekslərində sosial infrastrukturun məcburi tikintisi" prinsipi Azərbaycan şəhərsalma siyasətinə də daxil edilməlidir. Məsələn, Sinqapurda hər yeni binada uşaq bağçası sahəsi ayrılmadan inşa icazəsi verilmir. Yaponiyada isə məktəbəqədər təhsil müəssisələri əsasən bina komplekslərinin daxilində fəaliyyət göstərir və bu, ailələr üçün həm logistik, həm maliyyə, həm də təhlükəsizlik baxımından effektivdir".
K.Əsədov deyir ki, bu istiqamətdə dəyişəcək əsas məqam, dövlətin sosial siyasətində məktəbəqədər təhsilin prioritet səviyyəyə yüksəldilməsidir: “Bu, bir tərəfdən valideynlərin iş həyatına daha rahat adaptasiyasını təmin edəcək, digər tərəfdən isə cəmiyyətin gələcəyinə - uşaqların erkən yaşdan keyfiyyətli təhsil almasına zəmin yaradacaq. Dəyişməli olan isə hüquqi nəzarətin gücləndirilməsi, özəl sektorun qiymət siyasətinə sərt tənzimləyici mexanizmlərin tətbiqi və yeni tikililərdə məktəbəqədər təhsil müəssisələrinin yaradılmasının qanunla məcburi olmasıdır. Eyni zamanda dövlətin subsidiya və vauçer mexanizmi ilə aztəminatlı ailələrin uşaqlarının bu mərkəzlərə çıxışını təmin etməsi sosial ədalətin bərqərar olması üçün vacibdir”.
Kamran Əsədovun sözlərinə görə, deputat Siyavuş Novruzovun qaldırdığı məsələ sistemli yanaşma tələb edir: “Bu, sadəcə,bir binanın altında bağça açmaqla deyil, təhsil, sosial təminat, şəhərsalma və iqtisadiyyat sahələrinin koordinasiyalı şəkildə işləməsi ilə reallaşa bilər. Əgər bu sahədə köklü dəyişikliklər edilməzsə, həm təhsil keyfiyyəti, həm ailə rifahı, həm də sosial bərabərlik baxımından dərinləşən uçurumla qarşılaşmaq qaçılmaz olacaq”.
Tehsil-press.az