İtaliya Respublikasında işgüzar səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı mənzil-qərargahında keçirilən “Həssaslıqdan Dayanıqlılığa — İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərdə (SIDS), Az İnkişaf Etmiş Ölkələrdə (LDC-lər) və Dənizə Çıxışı Olmayan İnkişaf etməkdə olan Ölkələrdə (LLDC-lər) ərzaq təhlükəsizliyinin və daha yaxşı həyatın gücləndirilməsi” mövzusunda Nazirlərin Yüksək Səviyyəli Xüsusi Tədbirində iştirak edib.
Tədbiri giriş sözü ilə açan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu bildirib ki, qlobal iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik səbəbindən inkişaf etməkdə olan bu ölkələr qidaya olan ehtiyacın ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında çətinliklərlə üzləşirlər. İnkişaf etməkdə olan ölkələrin aqro-ərzaq sistemlərinin həssaslıqdan dayanıqlılığa çevrilməsi uyğunlaşdırılmış həllər, texnoloji innovasiyalar və gücləndirilmiş tərəfdaşlıqları özündə əks etdirən çoxşaxəli yanaşma tələb edir.
Tədbirdə qlobal ərzaq təhlükəsizliyinə artan təhdidlər, xüsusilə iqlim dəyişikliyi, resurs çatışmazlığı, iqtisadi qeyri-sabitlik və qeyri-bərabər inkişafın yaratdığı çağırışlar fonunda dayanıqlı, inklüziv və transformativ aqro-ərzaq sistemlərinin qurulmasının zəruriliyi vurğulanıb. Tədbirdə çıxış edən natiqlər bir-biri ilə əlaqəli və aktual problemlərin həllində kollektiv fəaliyyət və birgə səylərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Mütəxəssislərin fikrincə, ərzaq təhlükəsizliyinin təminatına yönəlmiş ən yaxşı təcrübələr və innovativ həllərin bölüşülməsi bu ölkələrdə inklüziv və dayanıqlı aqro-ərzaq sistemlərinin inkişafına əhəmiyyətli təkan verə bilər.
Tədbir “Kənd təsərrüfatı sistemlərində məhsuldarlığın və davamlılığın artırılması üçün texnologiya və innovasiyanın tətbiqi ilə potensialın müəyyənləşdirilməsi”, “Həssas dövlətlərdə qidalanma və inkişaf”, “Dayanıqlı aqro-ərzaq sistemləri üçün maliyyələşdirmə və tərəfdaşlıqlar” mövzularında panel sessiyalarla öz işini davam etdirib. Panel sessiyalarda iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, aqrar sahənin rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi məsələləri müzakirə olunub. Mütəxəssislər torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, su resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, məhsuldarlığın artırılması, buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, emal sənayesinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.
Tehsil-press.az