
Maraqlıdır, Donald Trampın vasitəçiliyi başqa hansı ölkələr və ya bölgələrdə sülhün əldə olunmasına töhfə verə bilər?
Bununla bağlı açıqlama verən siyasi şərhçi Natiq Miri ilk növbədə heç bir ərazidə münaqişə yaranmamasını arzu edib və bu səbəbdən ABŞ prezidenti Donald Trampın vasitəçilik missiyasına ehtiyac qalmamasını ümid edib.
Onun sözlərinə görə, müharibə olmadıqda isə vasitəçilik də zəruri olmur:
“Bildiyimiz kimi, bu gün qlobal təhlükəsizlik baxımından ən böyük risk iki münaqişədir: biri Ukrayna ilə Rusiya arasında davam edən savaş, digəri isə Yaxın Şərqdə, xüsusilə Qəzzada mövcud olan qarşıdurmadır. Bu münaqişələr dünya üçün ciddi təhlükə mənbəyidir. Buna görə də əsas prioritet Ukrayna-Rusiya müharibəsidir. Donald Tramp yaxın gələcəkdə Alyaskada Vladimir Putinlə görüşməyi nəzərdə tutur. Təbii ki, hər gün minlərlə insanın həyatını itirməsi bəşəriyyət üçün böyük faciədir. İnsanların niyə bir-birini öldürməsi sualının cavabı qarşısında bütün arqumentlər zəif qalıb”.
Şərhçi vaxtaşırı Rusiya dövlət rəhbərinin müxtəlif təhlükəsizlik səbəbləri gətirməsinin əsasən bəhanədən başqa bir şey olmadığını vurğulayıb:
“Çünki varlığın ən müqəddəs və şərəfli tərəfi insanlardır və bir insanın məhvi bütöv bəşəriyyətin məhvi kimi qəbul edilməlidir. Əgər bu savaşlar davam edir və insanlar həlak olur, deməli insanlıq hələ lazımi səviyyədə şüur qazanmayıb.Eyni fikir Qəzza və HƏMAS arasındakı qarşıdurmaya da aiddir”.
N.Miri əlavə edib ki, ABŞ öz mövqeyində ədalətli və neytral olmalıdır:
"Məsələlərə tərəfsiz yanaşma bacarığını nümayiş etdirməlidir. Təəssüf ki, biz bunu indiyədək müşahidə edə bilmirik. Digər münaqişələrdə müəyyən səviyyədə obyektivlik olsa da, İsrail məsələsində ABŞ açıq şəkildə mövqeyini dəstəkləyir. Belə mövqe qərəzliyi olduqda, münaqişələri həll etmək və ədalət görüntüsü yaratmaq mümkün olmur. Ona görə də yanaşma qəti və aydın olmalıdır: ədalət və neytrallıq”.
Tehsil-press.az