
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də, ABŞ-a son səfəri çərçivəsində mediaya geniş müsahibə verdi. Suallara cavablar zamanı dövlət başçısı Ermənistanla sülh müqaviləsinin nə vaxt imzalana biləcəyi ilə bağlı da ətraflı danışdı.
Bəllidir ki, sənədi ləngidən əsas əngəl Ermənistan Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının qalmasıdır. Bu isə hər şeydən əvvəl beynəlxalq hüquqla ziddiyyət təşkil edir. O səbəbə Prezident tamamilə haqlı olaraq vurğuladı ki, konstitusiya dəyişikliyi tələbi qonşu ölkənin daxili işlərinə qarışmaq deyil, belə bir düzəliş edilmədən sülh sazişi imzalana bilməz.
İlham Əliyevin sözlərinə görə, Ermənistan tərəfi özü bildirir ki, konstitusiyasında dəyişikliklər edilməlidir və Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. “Əks təqdirdə, bu, birinci növbədə ABŞ-a qarşı hörmətsizlik olacaq”.
Yəni ortada artıq Birləşmiş Ştatlar kimi qüdrətli bir dövlətin də iradəsi var.
“Azərbaycanın mövqeyi, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən ABŞ tərəfindən anlayışla qarşılanır. Sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalı və ölkəmizə qarşı əsassız ərazi iddiası oradan çıxarılmalıdır”, - Prezident bildirib və əlavə edib ki, madam Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir, konstitusiyaya müvafiq düzəlişdən sonra onu istənilən vaxt imzalamaq olar.
Beləcə, Nikol Paşinyan və komandasına son “ev tapşırığı” verilib. Həm də Ağ Evdən.
Bəzi ehtimallara görə, Paşinyan ABŞ uğurundan sonra gələnilki seçkiləri və konstitusiya düzəlişi məsələsini qabağa çəkməklə ilin sonunadək Bakının əsas şərtini reallaşdıra da bilər. Bu il sülh müqaviləsi imzalanacaqmı?
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri və Ağ Evdə keçirilən tarixi brifinq regionun geosiyasi gündəminin mərkəzinə çevrildi. Səfərin əsas mövzusu - Ermənistanla sülh sazişinin paraflanması və onun imzalanması üçün son maneələrin aradan qaldırılması - Cənubi Qafqazda onilliklər davam edən münaqişənin rəsmi olaraq bitməsi istiqamətində mühüm mərhələdir. Prezidentin açıqlamaları həm diplomatik ritorikanın, həm də siyasi mesajların məzmun baxımından çox aydın və sərt olduğunu göstərdi.
Prezident İlham Əliyev Vaşinqtondakı brifinqdə bildirdi ki, Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü bütün şərtlər məntiqli, əsaslı və beynəlxalq hüquqa uyğundur. Ermənistan cəmiyyətində və hakimiyyətində müəyyən dairələr uzun müddətdir Azərbaycanın guya İrəvanın daxili işlərinə qarışmaq niyyətində olduğu barədə fərziyyələr irəli sürürdü. Lakin dövlət başçısının sözləri göstərir ki, bu iddialar tamamilə əsassızdır. Məsələ Azərbaycanın milli təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlıdır və buna “daxili işlər” prizmalarından yanaşmaq absurddur.
Əslində Prezidentin bu mövqeyi Azərbaycanın 2020-ci ildən sonra formalaşdırdığı diplomatik xəttin davamıdır. Bakı müharibədən sonra yaranmış yeni reallıqlar çərçivəsində regionda uzunmüddətli sülh üçün yalnız qarşılıqlı tanınma və ərazi iddialarından imtina prinsipini əsas götürüb.
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, sülh mətni paraflanıbsa, geriyə dönüşü yoxdur. Onun sözlərinə görə, yekun sülh müqaviləsinin imzalanmasına bir addım qalıb: “Bunun üçün Ermənistan referendum keçirməli və məlum tələbi yerinə yetirməlidir. Azərbaycana olan ərazi iddiası qalmamalıdır və konstitusiyadan çıxarılmalıdır. Məncə, Paşinyan bu tələbi yerinə yetirəcək. Çünki alternativi yoxdur. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını, bölgədə sabitliyi və özünün iqtisadi inkişafını istəyirsə, konstitusiyaya dəyişiklik etməlidir. Zənnimcə, referendum daha tez də ola bilər. Bunun üçün ona Vaşinqton görüşü ilə kart-blanş verildi. Paşinyan bu fürsəti dəyərləndirməlidir. Ona görə də erməni ictimai rəyini hazırlamalı, daha erkən ümumxalq səsverməsinə getməlidir”.
Q.Hüseynli hesab edir ki, Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı ilə açılması Paşinyanın müxalifət və xalq qarşısında arqumentlərini gücləndirdi, o baxımdan, referenduma və parlament seçkilərinə erkən getməsi istisna deyil: “Baş nazir müsahibəsində də bildirdi ki, Vaşinqton variantını Rusiyaya təklif etmişdi, amma alınmadı. Onun fikrincə, Rusiya variantı Ermənistanın suverenliyinə zidd idi. Söhbət yolun dəhliz statusu daşımasından gedir. 10 noyabr razılaşmasına əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti dəhlizə yerləşəcəkdi. Ancaq Moskvanın planı baş tutmadı və bu logistika "Tramp yolu"na çevrildi. Paşinyan da indi xalqına göstərir ki, Ermənistan dəhliz vermədi və milli maraqlara zidd addım atmadı. Bu mənada, referendumda konstitusiyaya dəyişiklik daha ağrısız başa çata bilər".
Siyasi ekspert Ramiyə Məmmədovanın proqnozuna görə, bu ilin sonunda yekun sülh müqaviləsinin imzalanması üçün ümid var: “Əgər Ermənistan payızda referendum və seçkiləri keçirsə, dekabrda elə Ağ Evdə müqavilə imzalanacaq. Cənab Prezident də dedi ki, konstitusiyaya düzəliş edilsin, istənilən zaman həmin sənəd imzalana bilər. Hətta Ermənistan Konstitusiyasında ərazi iddiaları olmasaydı, elə 8 avqustda yekun müqavilə olacaqdı. Ona görə də Paşinyan öz xalqını sevirsə, ölkəsinin gələcəyini fikirləşirsə, bu prosesi sürətləndirməlidir. Sadəcə, o qədər asan proses deyil. Artıq Rusiya və İranın İrəvana təzyiqləri başlayacaq. Paşinyan həm də bu təhdidləri dəf etməlidir”.
Siyasi təhlilçi Asif Nərimanlıya görə, bəyannamə rəsmi Bakının sülh sazişinə dair irəli sürdüyü bütün tələblərin qəbul edilməsi deməkdir: “Bölgədə yeni mərhələ başlayır və bu mərhələnin başlanğıcı olan Vaşinqton görüşünün nəticələrinə görə, müharibənin qalibi olan Azərbaycan sülh masasında da qazandı. Bəyannamədə tərəflərin saziş mətninin parafladığı əksini tapır. Sazişin paraflanması yekun müqavilənin bağlanması demək olmasa da, irəliyə doğru ciddi addım kimi qəbul edilə bilər. Artıq yekun sülh müqaviləsinin önündə ciddi maneə qalmayıb”.
Tehsil-press.az